Avropa İttifaqı smartfon istehsalçıları üçün yeni qaydalar tətbiq etməyə hazırlaşır. Bu dəyişikliklər mobil cihazların dizaynına birbaşa təsir edəcək və istifadəçilər üçün mühüm yeniliklər vəd edir. Məqsəd həm cihazların ömrünü uzatmaq, həm də elektron tullantıların həcmini azaltmaqdır.
Turkustan.az xəbər verir ki, yeni tələblərə əsasən, 2027-ci ildən etibarən satışa çıxarılan smartfonlarda batareyaların istifadəçi tərəfindən asanlıqla dəyişdirilməsi mümkün olmalıdır. Bu isə o deməkdir ki, artıq batareyaların korpusa yapışdırılması və yalnız xüsusi servis alətləri ilə çıxarılması praktikasına son qoyulacaq.
Qaydalara görə, istehsalçılar cihazların daha dayanıqlı hazırlanmasını təmin etməli, ehtiyat hissələrini isə minimum bir neçə il ərzində bazarda əlçatan saxlamalıdırlar. Bu addım “təmir etmək hüququ” prinsipinin gücləndirilməsi kimi qiymətləndirilir və istifadəçilərə əlavə xərclərdən qaçmaq imkanı yaradır.
Yeni yanaşma həm də bazarda rəqabəti artıracaq. Belə ki, müstəqil təmir xidmətlərinin imkanları genişlənəcək, istifadəçilər isə daha uzunömürlü və praktik cihazlardan yararlana biləcəklər. /Musavat.com/