ABŞ, İsrail və İran arasında artan gərginliyin əsas nöqtələrindən biri olan Hörmüz boğazında baş verən son hadisələr qlobal enerji bazarlarına ciddi təsir göstərib.
Turkustan.az xəbər verir ki, İranın boğazda iki xarici gəmini saxlamasından sonra neft qiymətləri kəskin şəkildə yüksəlib.
Gərginlik fonunda ABŞ mənşəli WTI xam neftinin qiyməti təxminən 97 dollara yüksəlib. Türkiyənin etalon kimi istifadə etdiyi Brent markalı neftin qiyməti isə iki həftədən sonra yenidən üçrəqəmli səviyyəyə çataraq 106 dollar ətrafında ticarət olunub.
Ekspertlər qeyd edirlər ki, Hörmüz boğazında baş verən hər hansı hadisə qlobal neft tədarükünün təxminən 20 faizinə təsir edir və bu da qiymətlərdə sürətli dalğalanmalara səbəb olur.
Xarici mediada dərc olunan təhlillərə görə, regiondakı hərbi əməliyyatlar və gəmiçiliklə bağlı böhran neft bazarında ciddi qeyri-müəyyənlik yaradır. ABŞ-ın İran gəmisini ələ keçirməsi və boğaz ətrafında artan hərbi aktivlik enerji təchizatı ilə bağlı narahatlıqları gücləndirib və qiymətlərin yüksəlməsinə təkan verib.
Bununla yanaşı, Hörmüz boğazındakı gərginlik tankerlərin hərəkətini məhdudlaşdırıb və qlobal bazarda təchizatla bağlı riskləri artırıb.
Aytən Yaşar/ Turkustan.az