Sirli adət: türməyə düşən şəxslə bağlı 40 gün qadağası – Tarixi detallar


Azərbaycanda qəribə, bir o qədər də sirli bir adət var: türməyə düşən şəxs barədə 40 gün danışmaq olmaz. Yalnız yaxınları yox, ümumiyyətlə, heç kim bu barədə fikir bildirməməlidir. Cinayətkar aləmdə isə bu 40 günlük möhlətə daha fərqli yanaşılır: bu müddətdə nə qan axıtmaq, nə də intiqam almaq olar. Hətta məşhur “Kurtlar Vadisi” serialında belə bu mövzu ilə bağlı epizodlar var.

Bu günlərdə meyxanaçı Ələkbər Yasmallı Baku TV-ə müsahibəsində Rəşad Dağlının qohumunu qətlə yetirəndə üzləşdiyi vəziyyət haqda danışıb. Deyib, anası ona “Ələkbər, südümü sənə halal etmərəm əgər bu haqda 40 gün susmasan” tövsiyəsini verib. Meyxanaçı etiraf edib ki, anasının bu tövsiyəsinə əməl etdiyi üçün sonradan çox məmnun olub.

Bəs bu ənənənin kökü haradan gəlir? Niyə məhz 40 gün?

Globalinfo.az-a danışan siyasi şərhçi Elçin Alıoğlu bildirib ki, bu ənənə Azərbaycanda yaranmayıb və ölkəmizlə birbaşa əlaqəsi yoxdur:

“Bu adətin əsrlər boyu formalaşmış tarixi var. 40 günlük mərasim və ya adət dərin dini, milli, hətta psixoloji səbəblərə söykənir.

Şəriətdə “əl-iddə” anlayışı mövcuddur. Bu anlayışa əsasən, 40 gün mənəvi təmizlənmə, ruhun bədənə gəlməsi və ya bədəndən ayrılması mərhələsi hesab olunur. Məsələn, bütün səmavi dinlərdə belə bir inam var ki, körpə uşaq dünyaya gələndə 40 gün ərzində Tanrının verdiyi ruh onun vücuduna yerləşir. Buna görə də müsəlman ölkələrində uşağın “40-ı çıxmamış” yad adamlarla təmasda olması arzuolunmaz sayılır, çünki ruh həmin müddətdə formalaşır.

İnsan vəfat etdikdə isə, inanca görə, ruh 40 gün ərzində bədəni tərk edir.

Provaslavlıqda belə bir qayda var ki, həbs edilmiş şəxslə ailə üzvləri 40 gün ərzində əlaqə saxlamamalıdır. İslam ölkələrində də bu adətə rast gəlinir və bu, ailə ilə barışma, düşüncə və dəyərlərin yenidən qiymətləndirilməsi üçün vacib dövr sayılır. Bu, sırf dini köklərə bağlıdır.

Qeyd etmək yerinə düşər ki, Həzrəti Musa 40 gün ərzində Sinay dağında Allahdan göstərişlər almışdı və həmin vaxt o, 40 yaşında idi.

elcin alioglu

Elçin Alıoğlu

Xristianlıqda isə inam var ki, İsa Məsih 40 gün səhrada pəhriz saxlayıb və vəfat etdikdən sonra 40 gün ərzində dirilib”.

E.Alıoğlu, eyni zamanda, 40 gün anlayışının həbsxana ilə əlaqəsinə də toxunub:

“Bütün səmavi dinlərə görə, həbs edilən insan simvolik olaraq ölmüş sayılır. Yəni sosial planda həyatını itirir, ailə ilə əlaqəsi kəsilir, cəmiyyətdən təcrid olunur, ünsiyyətsiz qalır və s. Bu baxımdan, həbs edilmiş şəxs üçün ilk 40 gün ruhun və qəlbin sınaq, keçid və yoxlanma mərhələsi kimi qiymətləndirilir.

Məhbuslar üçün bu dövr çox vaxt psixoloji böhran mərhələsi sayılır. Onlar stress yaşayır, əvvəlki həyatla əlaqələri qırılır, yeni və sərt şəraitə uyğunlaşmağa çalışırlar.

Bir çox ölkələrdə – Rusiya, Avropa, Latın Amerikası və s. ilk 40 gün ərzində məhbuslara zəng etmək, onlarla təmas qurmaq məhdudlaşdırılır.

Kriminal aləmdə də bu barədə müəyyən yazılmamış qanunlar var: “ilk 40 gün ərzində məhbusu narahat etmə, qoy yeni rejimə uyğunlaşsın, psixoloji tarazlığını itirməsin”. Məqsəd prosesi pozmamaq, psixoloji yükü artırmamaqdır.

Digər tərəfdən, bu 40 gün ərzində yeni məhbusun hüquqi və bürokratik prosedurlardan keçməsi tələb olunur: qeydiyyat, sənədləşmə, hüquqi statusun müəyyənləşdirilməsi və s. Bu müddət həm də hüquqi baxımdan ailədən müvəqqəti müdafiə dövrü kimi qiymətləndirilir. Əsas məqsəd ilkin istintaq prosesinə təsir edə biləcək ünsürləri minimuma endirməkdir”.


MANŞET XƏBƏRLƏRİ