Qızıl və platin ənənəvi olaraq var-dövlətin simvolu hesab olunur, lakin onların dəyəri planetin ən bahalı maddəsi ilə müqayisədə çox kiçik görünür. Söhbət nə nadir metaldan, nə də qiymətli daşdan gedir, söhbət elmi laboratoriyalarda yaradılan materialdan, antimaddədən gedir.
Bir qram antimaddənin qiyməti 62,5 trilyon dollar olaraq qiymətləndirilir.
Antimaddə nədir?
Antimaddə adi maddənin tam əksidir və anti-hissəciklərdən ibarətdir. O, adi maddə ilə təmasda olduqda annihilasiya baş verir və nəticədə nəhəng miqdarda enerji ayrılır. Bu proses, insanlığa məlum olan kütləni enerjiyə çevirməyin ən səmərəli üsuludur.
Yaradılma və saxlanma çətinlikləri
Antimaddənin istehsalı inanılmaz dərəcədə mürəkkəb texnologiyalar və nəhəng enerji sərfiyyatı tələb edir. Müasir qurğular yalnız nanogramlarla ölçülən çox kiçik miqdarda antimaddə yarada bilir.
Saxlanması isə ayrıca elmi problemdir, çünki o, adi maddə ilə təmasda dərhal məhv olur. Antimaddəni saxlamaq üçün alimlər dərin vakuum şəraitində maqnit tələlərindən istifadə edirlər. Buna baxmayaraq, saxlanma müddəti cəmi bir neçə dəqiqə ilə məhdudlaşır.
Potensial tətbiq sahələri
Antimaddənin istifadəsi tibbdən kosmik uçuşlara qədər geniş sahələri əhatə edə bilər. Nəzəri olaraq, annihilasiya enerjisi ulduzlararası səyahətlər üçün yanacaq ola bilər. Lakin mövcud texnologiya səviyyəsi ilə bu hələ əlçatmazdır.
Tibb sahəsində isə antimaddənin xərçəngin diaqnostikası və müalicəsində istifadəsi üzərində tədqiqatlar aparılır.
Niyə bu qədər bahadır?
Antimaddənin qiymətinin bu qədər yüksək olmasının səbəbi – istehsalı üçün tələb olunan enerji sərfiyyatıdır. Bir qram antimaddə yaratmaq üçün bütöv bir ölkənin illik enerji istehlakına bərabər enerji lazımdır.
Bu səbəbdən də onun qiyməti trilyonlarla ölçülür və kommersiya istifadəsi mümkünsüzdür. Araşdırmalar yalnız dövlətlərin maliyyələşdirdiyi fundamental elmi layihələr çərçivəsində aparılır.
Elmi əhəmiyyəti
Praktiki çətinliklərə baxmayaraq, antimaddənin öyrənilməsi hələ də alimlərin beynini məşğul edir. Böyük Adron Kollayderində və digər qurğularda aparılan təcrübələr bu unikal maddə haqqında biliklərimizi tədricən artırır.
Hər yeni kəşf bizi Kainatın fundamental qanunlarını anlamağa bir addım da yaxınlaşdırır./lent.az