Şimali Koreyadan ABŞ-a cavab: Düşmənçilikdir!


Şimali Koreya ABŞ-ın qeyri-qanuni fəaliyyətlərdən əldə edilən pulların yuyulmasında iştirak edən şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq etmək qərarını “düşmənçilik” adlandırıb və cavab addımları atacağını bildirib.

Turkustan.az xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, xarici işlər nazirinin müavini Kim Un-çol ABŞ-ın bəzi Şimali Koreya bankir və qurumlarını sanksiyalar siyahısına əlavə etməsinə reaksiya verib.

Prezident Donald Tramp administrasiyasının vəzifəyə gəldikdən sonra beş dəfə birtərəfli sanksiyalar tətbiq etdiyini xatırladan Kim, bununla Pxenyanın Vaşinqtonla bağlı siyasətinin dəyişəcəyi ilə bağlı fərziyyələrə son qoyduğunu bildirib.

ABŞ rəhbərliyinin bu addımı ilə “düşməncəsinə” münasibət sərgilədiyini iddia edən Kim Şimali Koreyanın buna qarşı cavab addımları atacağını bəyan edib.

Noyabrın 4-də Vaşinqton administrasiyası kibercinayətlər kimi müxtəlif qanunsuz fəaliyyətlərdən əldə edilmiş pul vəsaitlərinin yuyulmasında iştirak edən səkkiz şəxsə və iki quruma qarşı sanksiyalar tətbiq edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ