Kürdəmirdə toy mərasimində baş verən kütləvi zəhərlənmə ilə bağlı yeni detallar məlum olub.
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının terapevti Maqsud Eminov Bizim.Media-ya açıqlamasında bildirib ki, zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin sayı 92 nəfərə çatıb. Onlardan 24-ü uşaq olub.
Həkimin sözlərinə görə, ilkin ehtimala əsasən, zəhərlənməyə toy mərasimində istifadə olunan məişət suyu və ya salat səbəb ola bilər.
Maqsud Eminov bildirib ki, xəstəxanaya müraciət edən şəxslər orta-ağır vəziyyətdə olublar. Onlara tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Hazırda xəstəxanada yataq xəstəsi yoxdur.
Həkim ilkin diaqnoz olaraq bəzi pasiyentlərdə ishal, qusma və halsızlıq əlamətlərinin, kütləvi zəhərlənmə fonunda müşahidə olunduğunu bildirib.
O qeyd edib ki, zəhərlənmənin konkret hansı qidadan baş verdiyini hazırda dəqiq müəyyənləşdirmək mümkün deyil. Çünki müraciət edən şəxslərin qəbul etdikləri qidalar fərqli olub.
“Bəziləri bir qida qəbul etdiyini, digərləri isə başqa qidadan yediklərini bildirirlər. Ona görə də hazırda zəhərlənmənin mənbəyini tam dəqiqliklə söyləmək mümkün deyil. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları hadisə yerindən nümunələr götürüblər. Araşdırmanın nəticəsində zəhərlənməyə hansı qidanın səbəb olduğu müəyyənləşdiriləcək”, - deyə həkim bildirib.
Əldə etdiyimiz digər məlumata görə zəhərlənmənin baş verdiyi “Günəş” şadlıq sarayında yer 100 nəfərlikdir.
Qeyd edək ki, məsələ ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi araşdırma aparır.