Ukrayna Ali Məhkəməsindən Qarabağ qazisi ilə bağlı mühüm QƏRAR


Ukraynada həbsdə olan 44 günlük Vətən müharibəsinin iştirakçısı Misir Qasımlı ilə bağlı Ukrayna Ali Məhkəməsində mühüm qərar qəbul edilib. Məhkəmə soydaşımızın barəsində çıxarılmış 8 illik həbs hökmündən verilən kassasiya şikayətinə baxıb.

Turkustan.az xəbər verir ki, araşdırma zamanı indiyədək keçirilən məhkəmə proseslərində bir sıra ciddi prosessual pozuntulara yol verildiyi müəyyən edilib.

Məhkəmə bu halları nəzərə alaraq, Misir Qasımlının işinin yenidən araşdırılması üçün aidiyyəti üzrə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarıb. Hüquqşünasların rəyinə görə, Ukrayna Ali Məhkəməsinin bu qərarı müdafiə tərəfinin mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir və təkrar baxış zamanı ədalətli hökmün, o cümlədən bəraət qərarının çıxarılması ehtimalını artırır.

Attachment

Xatırladaq ki, "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmiş Vətən müharibəsi qazisi Misir Qasımlı və digər Azərbaycan vətəndaşı Sübhan Quliyev 2021-ci ilin iyun ayının 9-da Kiyev şəhərində saxlanılıblar. Onların həbsinə Böyük Britaniya və İspaniya vətəndaşlığı olan əcnəbi iş adamının hüquq-mühafizə orqanlarına etdiyi şikayət səbəb olub.

Ukrayna istintaq orqanları tərəfindən hər 2 şəxsə qarşı Ukrayna Cinayət Məcəlləsinin bir sıra ağır maddələri - adam oğurluğuna cəhd, soyğunçuluq, xuliqanlıq və qanunsuz silah saxlama ittihamları irəli sürülüb. 2022-ci il dekabrın 6-da Kiyev vilayətinin Obuxov rayon məhkəməsinin hökmü ilə Misir Qasımlı və Sübhan Quliyev 8 il müddətinə azadlıqdan məhrum ediliblər. İstintaq və məhkəmə prosesləri dövründə Misir Qasımlı və onun vəkilləri irəli sürülən ittihamları qətiyyətlə rədd edərək, işin sifarişli olduğunu və erməni lobbisinin təsiri ilə qurulduğunu bəyan ediblər.

Müdafiə tərəfi işdə heç bir maddi sübutun (silahda və ya digər əşyalarda əl izlərinin) olmadığını, zərərçəkmiş şəxsin ifadələrində ziddiyyətlərin yer aldığını və məhkəmə iclaslarının dəfələrlə tərcüməçisiz, yaxud vəkillərin iştirakı olmadan keçirildiyini bildirib. Məsələ ilk gündən Azərbaycan ictimaiyyətinin və rəsmi qurumların da diqqət mərkəzində saxlanılıb. Azərbaycanın Ukraynadakı səfirliyi məhkəmə proseslərinin obyektiv və ədalətli aparılması, soydaşlarımızın hüquqlarının qorunması məqsədilə Ukrayna Xarici İşlər Nazirliyinə dəfələrlə rəsmi notalar göndərib, həmçinin diaspor təşkilatları ilə birgə hüquqi dəstək tədbirləri həyata keçirib.

Ali Məhkəmənin işin yenidən Apellyasiya Məhkəməsinə qaytarılması ilə bağlı son qərarı əvvəlki instansiyalarda yol verilmiş qanun pozuntularının aradan qaldırılması və Misir Qasımlının hüquqlarının bərpası istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ