Fransa təsdiqlədi: Hərbçilər Ukraynadadır, ordunu hazırlayırlar


Fransa hərbçiləri Ukraynada hərbi texnikaya texniki xidmət göstərir və Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini hazırlayır.

Turkustan.az xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr üzrə naziri Alis Rufo bildirib.

Onun sözlərinə görə, Ukraynada Fransanın səfirliyi nəzdində müdafiə məsələləri üzrə missiya fəaliyyət göstərir. Həmin missiyanın tərkibində bir neçə hərbçi və ekspert, o cümlədən hərbi mühəndislər var. Onlar vaxtaşırı Ukraynaya səfər edərək “Mirage” qırıcıları və “Caesar” özüyeriyən artilleriya qurğuları kimi mürəkkəb texnikalara texniki xidmət göstərir, həmçinin müəyyən hərbi avadanlıqlardan istifadə üzrə təlimlər keçirirlər.

Rufo əlavə edib ki, Avropa Birliyi də Ukraynaya analoji hərbi missiya göndərib.

Qeyd edək ki, noyabrın 9-da AB Şurası 2022-ci ildə yaradılmış Ukraynaya dəstək üzrə hərbi təlim missiyasının (EUMAM Ukraine) fəaliyyət müddətinin uzadılması çərçivəsində ilk dəfə Ukrayna ərazisində rəsmi hərbi mövcudluğunu təmin etmək niyyətini açıqlayıb. Hərbçilərin sayı barədə məlumat verilməyib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ