Restoranlarda zəhərlənmə halları niyə artır? Ekspert əsas səbəbləri açıqladı


Son günlər restoranlarda, kafelərdə və şadlıq saraylarında qida zəhərlənməsi halları artıb.

Demək olar ki, hər gün bu cür hadisələrlə bağlı xəbərlər yayılır. Xüsusilə kütləvi tədbirlərin keçirildiyi toy mərasimlərində və insanların tez-tez üz tutduğu iaşə obyektlərində baş verən zəhərlənmələr narahatlıq doğurur.

Bəs qida zəhərlənmələrinin artmasına səbəb nədir? Restoran və şadlıq saraylarında hazırlanan yeməklərin keyfiyyətinə, saxlanma şəraitinə və təmizliyinə lazımi səviyyədə nəzarət edilirmi?

Turkustan.az mövzu ilə bağlı qida eksperti Ağa Salamovun fikirlərini öyrəndi.

Ağa Salamov:

Ağa Salamov

Restoranlarda qida zəhərlənmələrinin baş verməsinin çoxsaylı səbəbləri var. Əsas problemlərdən biri qida zəncirinin bütün mərhələlərində təhlükəsizlik qaydalarına əməl olunmamasıdır. Qida məhsullarının düzgün şəraitdə qəbul edilməməsi və saxlanılmaması, bişirilmə, soyudulma, yenidən qızdırılma və təqdim olunma qaydalarının pozulması zəhərlənmələrə səbəb ola bilər.

Xüsusilə ət, balıq, toyuq, süd və süd məhsulları, yumurta, mayonez, eləcə də bu məhsullardan hazırlanan yeməklər daha yüksək risk daşıyır. Onların hər biri müvafiq temperaturda və düzgün şəraitdə saxlanılmalı, emal edilməli və istehlakçıya təqdim olunmalıdır.

Digər mühüm problem sahibkarların qida təhlükəsizliyi qaydalarına bəzən məsuliyyətsiz yanaşmasıdır. Bəzi restoranlarda işçilərin sağlamlıq haqqında tibbi müayinədən keçməsinə, qida təhlükəsizliyi ilə bağlı biliklərinə və gigiyena qaydalarına nəzarət edilmir. İşçilərin əlcəkdən düzgün istifadə etməsi, mətbəxin vaxtında təmizlənməsi, sanitar-gigiyenik vəziyyətin qorunması, gəmiricilərə və digər zərərvericilərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi vacibdir.

Bütün bunlara nəzarət etmək sahibkarın məsuliyyətidir. Restoran idarə edən şəxs qida təhlükəsizliyi sahəsində kifayət qədər biliyə və idarəetmə bacarığına malik olmalıdır. Çünki söhbət adi məhsul satışından deyil, insanların sağlamlığına birbaşa təsir edən qidanın hazırlanması və təqdim edilməsindən gedir.

Qida zəhərlənmələri hər kəs üçün təhlükəli olsa da, xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar, kimyaterapiya alan şəxslər, immun sistemi zəif olanlar və müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar daha yüksək risk qrupuna daxildir. Belə şəxslərdə qida zəhərlənməsi ağır fəsadlara, hətta ölümə səbəb ola bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ