Son illərdə Bakıda sərçələrin sürətlə azalması müşahidə olunur.
Şəhər sakinlərinin diqqətini çəkən bu vəziyyətin əsas səbəbləri barədə KONKRET.az-a heyvanlar üzrə mütəxəssis Samir Məmmədov məlumat verib.
Onun sözlərinə görə, sərçələrin yoxa çıxmasında urbanizasiya və ətraf mühitin dəyişməsi birbaşa rol oynayır:
“Yeni binaların inşası zamanı sərçələrin yuva qurması üçün şərait qalmır. Köhnə evlər sökülür, dam örtüklərinin dəyişməsi ilə quşların sığınacaq yerləri itir. Ağacların azalması və onların dekorativ növlərlə əvəz olunması da sərçələrin yuvalanmasına mane olur. Dekorativ ağaclarda nə yuva qurmaq, nə də qida tapmaq mümkündür. Şəhərdə süni qazonların çoxalması sərçələrin yem rasionunu məhdudlaşdırır. Bu qazonlar mütəmadi olaraq biçildiyi üçün toxum yetişmir, həşəratlar da azalır. Qarğaların sayının artması da sərçələr üçün əlavə təhlükə yaradır. Qarğalar həm yuvaları dağıdır, həm də sərçələri ovlayırlar”.
Məmmədov bildirib ki, sərçələr hal-hazırda şəhərdən kənar kəndlərdə və rayonlarda yaşayırlar:
“Şəhərdə nə qida var, nə də yuva üçün şərait. Buna görə də sərçələr Bakı ətrafı kəndlərə üz tutur. Amma təəssüf ki, onların nəsli çox sürətlə tükənmək üzrədir”.
Beləliklə, urbanizasiya, yaşıllıqların azalması və ekoloji dəyişikliklər sərçələrin paytaxtdan yoxa çıxmasının əsas səbəbləri kimi göstərilir.