Rusiya əvvəllər Ukraynadan qanunsuz şəkildə çıxarılan və müharibə illərində böyüyən bəzi ukraynalı uşaqları öz ordusuna göndərməyə başlayıb.
Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Madriddə keçirilən 30-cu İber-Amerika Zirvə Toplantısının Ukraynaya həsr olunmuş xüsusi panelində çıxışı zamanı bildirib.
“Rusiya artıq bu uşaqların bəzilərini – bizdən qaçırdığı və müharibə illərində böyüyən uşaqları öz ordusuna göndərməyə başlayıb. Bu, dəhşətlidir və buna son qoyulmalıdır”, – deyə Zelenski vurğulayıb.
Ukrayna Prezidenti Rusiyanın minlərlə ukraynalı uşağı qanunsuz olaraq ölkədən çıxardığını xatırladaraq, bunu müharibənin ən dəhşətli tərəflərindən biri adlandırıb. O, bu cür əməllərin qarşısını almaq üçün Rusiyanın törətdiyi cinayətlərin beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılmasının vacibliyini qeyd edib.
Zelenski sammit iştirakçılarını bu məsələni daim gündəmdə saxlamağa çağırıb:
“Bunun qarşısını almağın yeganə yolu dünyaya nə baş verdiyini bildirməkdir. Ona görə də xahiş edirəm, bu barədə danışın, məsələni qaldırmağa davam edin və dünyanın bu cinayətlərdən xəbərdar olmasına çalışın”.
Aytən Yaşar/Turkustan.az