İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?
– Burada, İstanbulda hər şey sakit və rahatdır. Mülki təyyarələr uçur, həyat öz axarı ilə davam edir.
– Amma Qara dənizin o biri sahilində nələrin baş verdiyini Allah bilir. Artıq neçə ildir müharibə gedir…
Bu söhbətləri İstanbulun Köhnə şəhərində, Bosfor sahilində qəhvə içərkən eşidirəm. Bu dəfə də, əvvəlki səfərimdə olduğu kimi, bələdçilərin arxasınca düşərək Konstantinopolun tarixi abidələrini gəzməyə tələsmədim. Ayasofya məni heç də heyrətləndirmir. Mübahisə etmirəm, orada gözəldir. Amma sırf hamının getdiyi yerə getmək, Lenin babanın mavzoleyini ziyarət etmək kimi, təxəyyül və maraq baxımından o qədər də cəlbedici deyil. Növbəti dəfə, vaxtım olanda gedərəm. Hələlik həmsöhbətlərimi dinləyirəm.
– Ərdoğan böyük dövlət qurur, Putin isə elə bir ölkə yaradır ki, oradan həm öz vətəndaşları, həm də qonşuları qaçmağa çalışır.
– Üstəlik, Putin artıq müharibə bataqlığına qərq olub. Çin və ABŞ isə belə münaqişələrdən od götürüb qaçırlar. Həm məcazi, həm də hərfi mənada…
– Çünki belə müharibələrin analoqu yoxdur, şübhəsiz.
– Onlar Rusiyanın Ukrayna ilə müharibəsini Putinin özünün düşdüyü bir tələ kimi qiymətləndirirlər.
Ola bilsin ki, Rusiya prezidenti müharibənin beş il davam edəcəyini heç özü də düşünmürdü. Ukrayna ətrafında yaranmış vəziyyət həm Putin Rusiyasını, həm də Avropa İttifaqını getdikcə daha mürəkkəb və çıxılmaz vəziyyətə salıb. Bu proses isə Türkiyə və İsrailə regionda güc mərkəzinə çevrilmək, hətta superdövlət olmaq istiqamətində real imkanlar yaradır.
Lakin hər iki ölkə oxşar resurslara və bufer dövlətlər şəbəkəsinə nəzarət etmək uğrunda rəqabət aparır. Hazırkı geosiyasi şərait Türkiyəyə əvvəlki dövrlərlə müqayisədə daha geniş imkanlar açır. Bəs Türkiyə ilə İsrailin maraqlarının toqquşması açıq qarşıdurmaya çevrilə bilərmi?
Rusiya və Ukrayna müharibəsinin acı təcrübəsi digər dövlətləri tələsik qərarlar verməkdən çəkindirir. Bununla belə, İstanbulun Beyoğlu rayonunda ən bahalı daşınmaz əmlak obyektlərinin fəal şəkildə satışa çıxarılması diqqət çəkir.
Bu sahəni yaxından izləyənlər üçün belə bir mənzərə tanış görünə bilər: sanki gəminin batacağını əvvəlcədən hiss edənlər onu hamıdan tez tərk etməyə çalışırlar. Hələ sahilə çıxmaq, alternativləri dəyərləndirmək və sərfəli seçim etmək imkanı olduğu halda…
Yerli sakinlər belə bir mənzərəni xatırlamadıqlarını deyirlər. Bosfor mənzərəli sahilboyu ərazilərdə, Taksim məscidinin yaxınlığında yerləşən ən bahalı və prestijli daşınmaz əmlak obyektlərinin satış elanları reklam lövhələrini başdan-başa örtüb. Satıcılar tələsir, hətta qiymətlərdə ciddi güzəştlərə getməyə hazır olduqlarını bildirirlər.
Bəs onlar bizim bilmədiyimiz nəyi bilirlər?
Türkiyəyə qarşı ortaq maraqları olan Fransa, Yunanıstan və İsrail arasında formalaşdığı iddia edilən qeyri-rəsmi ittifaq da Aralıq dənizinin bu sahilində yaşayanların diqqətindən yayınmır. Digər tərəfdən, İslam və ərəb ölkələrinin Türkiyəyə rəğbəti, Avropadan gələn varlı təbəqənin və fəal orta sinif nümayəndələrinin, eləcə də Rusiyadan köçənlərin bu ölkəyə marağı artır.
Türkiyə dini fanatizmdən uzaq, dünyəvi dövlət modeli ilə müsəlman ölkəsi kimliyini müəyyən mənada uzlaşdırmağı bacarıb. Məhz bu xüsusiyyət onu müxtəlif regionlardan gələn insanlar üçün cəlbedici edir. Ölkə bir növ fərqli dünyagörüşləri arasında qızıl orta rolunu oynayır.
Rusiya isə əks istiqamətdə hərəkət edir. Hakimiyyətin vətəndaşlara qarşı sərtləşən siyasəti, ictimai və siyasi məhdudiyyətlər, sözün və ifadənin azadlığına təzyiqlər insanları ölkədən uzaqlaşdırır.
Bəs bu proses nə qədər davam edəcək?
Rusiya mediasının gündəmində sosial şəbəkələrdəki paylaşımlara, bəyənmələrə və digər fəaliyyətlərə görə vətəndaşlara qarşı çıxarılan qalmaqallı məhkəmə hökmləri getdikcə daha çox yer tutur. Hələlik repressiyalar QULAQ dövründəki kimi kütləvi xarakter almasa da, ayrı-ayrı şəxslərə qarşı tətbiq olunan cəzalar cəmiyyətdə ciddi qorxu yaradır.
Müasir sosial şəbəkələr dövründə belə hadisələrin rezonansı xüsusilə böyük olur. Nəticədə Rusiya beynəlxalq aləmdə getdikcə daha çox repressiv və arzuolunmaz dövlət imici qazanır.
Rusiya müxtəlif sahələrdə mövqelərini itirdiyi halda, Türkiyə əksinə, fəal şəkildə imkanlar axtarır və rastına çıxan fürsətləri dəyərləndirir. İnsan kapitalı, maliyyə resursları, ideyalar, texnologiyalar, beynəlxalq tərəfdaşlıqlar və sərfəli müqavilələr – Ankara bütün bunları özünə cəlb etməyə çalışır.
Türkiyə müxtəlif ölkələrdən gələn insanları və kapitalları qəbul edir, onların hesabına iqtisadi və siyasi imkanlarını genişləndirir. İstanbul küçələrində bəzən elə təəssürat yaranır ki, hər ikinci insan rusdillidir.
Əgər Rusiya öz vətəndaşlarına qarşı bu qədər sərt və məhdudlaşdırıcı siyasət yürütməsəydi, bəlkə də xaricə köçənlərin böyük hissəsi geri qayıtmaqdan çəkinməz, öz bilik və təcrübələrini ölkəsinin inkişafına sərf edərdi.
Son beş ildə Rusiya bir çox istiqamətlərdə ciddi geriləmə yaşadığı halda, Türkiyə irəliyə doğru əhəmiyyətli addımlar atıb və beynəlxalq arenada getdikcə daha mühüm mövqelər qazanıb. Türkiyənin iqtisadi və geosiyasi imkanları genişlənir, Rusiya isə bir sıra ənənəvi mövqelərini itirir.
Əgər Türkiyə Böyük Turan ideyasının mümkün iqtisadi və siyasi prototipi kimi, ABŞ-ın sürətli iqtisadi yüksəliş dövründəki kimi, yeni bir Eldoradaya çevrilirsə, Putin müasir Rusiyada istedadlı, təşəbbüskar və düşünən insanları ölkədən uzaqlaşdırmaqla, hətta həbsxanalara salmaqla nə qurur?
Əsas sual isə budur: Ərdoğanın Putinin düşdüyü siyasi və geosiyasi tələdən yayınmaq, Türkiyəni mənasız və qanlı münaqişələrə sürükləməmək üçün kifayət qədər siyasi uzaqgörənliyi olacaqmı?
Müəllif: Lev Qonçarov
Hyuston – İstanbul – Hyuston /KONKRET.az/