"Telegraph" nəşri Türkiyənin İstanbul şəhərinin böyük zəlzələ riski ilə üz-üzə olduğunu yazaraq, şəhərin sıx əhalisi, köhnə binaları və Şimali Anadolu qırılması üzərində yerləşməsinin təhlükəni artırdığını bildirib.
Turkustan.az xəbər verir ki, nəşr İstanbulun 15 milyona yaxın əhalisi ilə dünyada zəlzələ nəticəsində genişmiqyaslı fəlakət riskinin ən yüksək olduğu şəhərlərdən biri olduğunu qeyd edib.
Məqalədə İstanbulun coğrafi quruluşunun da təhlükəni artırdığı vurğulanır. Şəhərin dik yamaclarında sıx şəkildə inşa edilmiş binalar, dar küçələr və XIX əsrin sonlarında tələsik tikilmiş çoxmərtəbəli yaşayış binaları zəlzələ zamanı risk yaradan əsas amillər sırasında göstərilir.
Şəhər Avropa və Asiya hissələrini ayıran Bosfor boğazının ətrafında yerləşir. Şimali Anadolu qırılması isə Türkiyənin şimalından keçərək Mərmərə dənizinin altından uzanır.
"Telegraph" güclü zəlzələlərin İstanbulda təxminən hər 250 ildən bir baş verdiyini yazır. Şəhərdə son böyük zəlzələnin 1766-cı ildə baş verdiyi qeyd olunur.
1999-cu ildə İzmit yaxınlığında baş verən zəlzələ 17 mindən çox insanın ölümünə səbəb olmuşdu. 2025-ci ilin aprelində isə Mərmərə dənizində 6,2 maqnitudalı zəlzələ İstanbulda 230-dan çox insanın yaralanmasına səbəb olub.
Nəşrin yazdığına görə, seysmoloqlar həmin vaxt Mərmərə qırılmasının aktivləşdiyini və enerjinin mərhələli şəkildə sərbəst buraxıldığını bildiriblər.
Məqalədə qeyd olunur ki, Tokio kimi zəlzələ təhlükəsi yüksək olan şəhərlərdə ciddi tikinti standartları tətbiq edilir. Türkiyə də 1999-cu il zəlzələsindən sonra tikinti qaydalarını sərtləşdirib.
Lakin 2023-cü ilin fevralında Kahramanmaraş zəlzələsi tikinti normalarına əməl edilməməsinin ciddi nəticələrini ortaya çıxarıb. Fəlakət nəticəsində 62 mindən çox insan ölüb, 100 mindən çox insan yaralanıb, təxminən 280 min bina tamamilə dağılıb, daha 700 min bina isə zərər görüb.
"Telegraph" İstanbulun köhnə yaşayış fondunun da ciddi problem olduğunu bildirir. Xüsusilə şəhərin mərkəzindəki köhnə və bir-birinə sıx şəkildə bitişik binaların güclü zəlzələ zamanı böyük təhlükə yaratdığı vurğulanır.
Məqalədə Şimali Anadolu qırılmasının xüsusiyyətlərinin də riski artırdığı qeyd olunur. Bu qırılmada zəlzələlər bəzən təkcə bir güclü təkan şəklində deyil, ardıcıl daha kiçik zəlzələlər seriyası ilə baş verir.
2025-ci ildə Mərmərə dənizində baş verən zəlzələdən sonra 24 saat ərzində ən güclüsü 5,9 maqnitudaya çatan ən azı 272 afterşok qeydə alınıb. Bu cür təkanlar dağıntılar altında xilasetmə işlərini də çətinləşdirir və zədələnmiş binaların yenidən uçması riskini artırır.
Mütəxəssislər və sığorta şirkətləri İstanbulda mümkün zəlzələni dünyanın ən ağır ssenarilərindən biri hesab edirlər. Tehran və Manila da yüksək riskli şəhərlər sırasında göstərilir.
2025-ci ildə GFZ Helmholtz Geologiya Elmləri Tədqiqat Mərkəzinin apardığı araşdırmaya əsasən, İstanbulda qarşıdakı 30 il ərzində güclü zəlzələnin baş vermə ehtimalı 35-47 faiz arasında qiymətləndirilir.
12 aparıcı seysmoloqun apardığı son hesablamalara görə, 1766-cı ildən bəri Mərmərə dənizinin altındakı qırılma boyunca “yerdəyişmə defisiti” təxminən 6 metrə çatıb. Bu göstərici iki əsrdən artıq müddətdə ərazidə böyük tektonik gərginliyin toplandığını göstərir. /modern.az/