Xəbər verdiyimiz kimi, ölkədə 50 kiloqramlıq unun son topdansatış qiymətləri 26,50-29,40 manat arasında dəyişir. Unun topdansatış qiymətləri üzrə aşağı və yuxarı həddi bu ilin əvvəlindəki göstərici ilə müqayisədə artıb. Belə ki, bu ilin ilk aylarında ölkədə 50 kq-lıq unun topdansatış qiymətləri 26,10-28,60 manat arasında dəyişirdi. 50 kq-lıq unun topdansatış qiymətinin aşağı həddi ilin əvvəlinə nisbətən 40 qəpik, yuxarı həddi isə 80 qəpik bahalaşıb.
Bu isə fərqli un qiymətlərinin onun keyfiyyətinə təsiri mövzusunu gündəmə gətirib.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən qida mühəndisi Fərid Səfərovun sözlərinə görə, unun qiymətinin fərqli olması yalnız istehsalçı və ya brend adı ilə bağlı deyil. O qeyd edib ki, əsas amillərdən biri unun hansı buğdadan və hansı texnologiya ilə istehsal olunmasıdır: “Buğdanın növü, zülal və kleykovina göstəriciləri, üyüdülmə dərəcəsi və unun təyinatı onun qiymətinə birbaşa təsir edir. Məsələn, çörəkbişirmə üçün yüksək keyfiyyətli buğdadan alınan unla daha aşağı çörəkbişirmə xüsusiyyətlərinə malik unun qiyməti eyni olmaya bilər. Qiymətə buğdanın yerli və ya idxal mənşəli olması, xammalın alış qiyməti, enerji və istehsal xərcləri, qablaşdırma, logistika və saxlanma şəraiti də təsir göstərir. Eyni zamanda, unun çeşidi və markası da qiymət fərqi yarada bilər. Lakin yüksək qiymət avtomatik olaraq daha keyfiyyətli un demək deyil”.
Mütəxəssis bildirib ki, istehlakçı un alarkən yalnız qiymətə deyil, qablaşdırmanın bütövlüyünə, istehsal və son istifadə tarixinə, saxlanma şəraitinə, unun növünə və etiketdə göstərilən məlumatlara diqqət etməlidir: “Unun rəngi, qoxusu, nəmliyi, topalanması və yad qoxunun olub-olmaması da ilkin qiymətləndirmə üçün müəyyən məlumat verə bilər. Ancaq unun həqiqi keyfiyyətini yalnız görünüşə əsasən müəyyən etmək mümkün deyil. Bunun üçün laborator göstəricilər, xüsusilə rütubət, zülal, kleykovina və kül miqdarı kimi parametrlər nəzərə alınmalıdır. Əgər bazarda eyni təyinatlı unlar arasında ciddi qiymət fərqi varsa, bunu yalnız “biri keyfiyyətlidir, digəri keyfiyyətsizdir” kimi qiymətləndirmək düzgün deyil. İstehlakçı üçün əsas meyar məhsulun normativ tələblərə uyğunluğu, düzgün etiketlənməsi və təhlükəsizliyidir. Narazılıq və ya şübhə yarandıqda isə məhsulun qablaşdırmasını və alış sənədini saxlamaq, aidiyyəti qurumlara müraciət etmək daha doğru yanaşmadır”.
Şəhanə Qədirli