25–26 iyul tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə Füzuli rayonunda ödənişsiz tibbi müayinə aksiyası uğurla həyata keçirilib.
Turkustan.az xəbər verir ki, iki gün davam edən aksiya çərçivəsində pediatrların iştirakı ilə 300-dən çox uşaq müayinə olunub.
Müayinələr zamanı uşaqların sağlamlıq vəziyyəti dəyərləndirilib, ehtiyac yarandığı hallarda əlavə müayinə və müalicə ilə bağlı müvafiq tövsiyələr verilib. Valideynlərlə profilaktik müayinələrin əhəmiyyəti, uşaqların sağlam inkişafı və xəstəliklərin erkən aşkarlanması barədə maarifləndirici söhbətlər aparılıb.
Azərbaycan Pediatriya Cəmiyyəti üçün regionlarda həyata keçirilən bu cür aksiyalar keyfiyyətli pediatrik xidmətlərin əlçatanlığının artırılması, erkən diaqnostikanın təşviqi və uşaq sağlamlığının qorunmasına töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.
Uşaqların sağlam gələcəyi naminə həyata keçirdiyimiz bu təşəbbüsə göstərilən marağa və əməkdaşlığa görə Füzuli sakinlərinə təşəkkür edir, balacalarımıza sağlam və xoşbəxt ömür arzulayırıq.


