Mingəçevir Dövlət Universiteti 2026-cı ilin 29–31 iyul tarixlərində Dövlət İmtahan Mərkəzində təşkil olunan ali təhsil müəssisələrinin sərgisində öz stendi ilə təmsil olunur.
Sərgi iştirakçılarına MDU-da tələbəyönümlü tədris mühiti, beynəlxalq əməkdaşlıq imkanları, praktiki bacarıqların inkişafına xidmət edən proqramlar, sosial və akademik dəstək mexanizmləri, eləcə də tələbələrin fərdi inkişafına yönəlmiş fəaliyyətlər barədə məlumat verilib. Abituriyentlərin və valideynlərin ixtisas seçimi, qəbul prosesi, təhsil imkanları və gələcək karyera perspektivləri ilə bağlı sualları universitetin nümayəndələri tərəfindən cavablandırılıb.
Sərginin ilk günündə abituriyentlər, onların valideynləri və digər iştirakçılar MDU-nun təhsil imkanları ilə yaxından tanış olublar Universitetin nümayəndələri tərəfindən keçirilən xüsusi infosessiyada bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulu aparılan ixtisas və ixtisaslaşmalar, ingilis dilində təhsil imkanları, ikili diplom və tələbə mübadiləsi proqramları haqqında ətraflı məlumat təqdim edilib.
MDU-nun sərgidə iştirakı abituriyentlərin məlumatlı və məqsədyönlü ixtisas seçiminə dəstək göstərmək, ali təhsilə əlçatanlığı təşviq etmək və universitetin təqdim etdiyi müasir təhsil imkanlarını geniş ictimaiyyətə çatdırmaq məqsədi daşıyır.
Sərgi iyulun 31-dək davam edəcək. İştirakçılar sərgi müddətində MDU-nun stendini ziyarət edərək universitetin təhsil proqramları və tələbələr üçün yaratdığı imkanlar barədə məlumat əldə edə bilərlər.








