Xəbər verdiyimiz kimi, İran kəşfiyyatı düşmən elan edilən televiziya kanallarının siyahısını dərc edib.
Turkustan.az xəbər verir ki, 23 iyulda elan edilən siyahı İsrail kanalları ilə başlayır. Siyahıya ABŞ, Britaniya, o cümlədən xaricdə fəaliyyət göstərən iranlı müxaliflərin, müctəhidlərin kanalları daxil edilib.
Siyahıda Azərbaycanla bu və ya digər şəkildə bağlı olduğu ehtimal edilən 3 kanal var. Belə ki, 19-cu sırada AzTV, 20-ci sırada AzStar TV, 21-ci sırada isə GünAz TV göstərilib.
Maraqlı məqam odur ki, Azərbaycanla əlaqəli 3 kanaldan ikisinin Azərbaycan Respublikasına heç bir aidiyyəti yoxdur: 21-ci sırada göstərilən GünAz TV-nin rəhbəri Güney Azərbaycandan olan Əhməd Obalıdır, hazırda ABŞ-da yaşayır. 20-ci sırada göstərilən AzStar TV də Güney azərbaycanlılara məxsusdur. Kanalı Az Media Group (Heydarbaba Media Group) təsis edib, 2016-cı ildə Torontoda (Kanada) kanalın yayımı başlayıb.
Azərbaycanla bağlı olduğu bildirilən 3 kanaldan yalnız biri – 19-cu sırada olan AzTV Azərbaycan Respublikasına aiddir və həm də birbaşa dövlət kanalıdır.
Xüsusi olaraq vurğulayaq ki, İran kəşfiyyatı “düşmən televiziyalar” siyahısına düşmən saydığı dövlətlərin rəsmi kanallarını salıb, digər “düşmən kanallar” isə əsasən özəl və yaxud iranlılara məxsus, xaricdə yayımlanan televiziyalardır. Bu baxımdan AzTV-nin bu siyahıda olması ikiqat təəccüb doğurur.
Bu təəccübü artıran əsas məqam isə düşmən sayılan kanalların sosial şəbəkə hesablarının eyni siyahıda əks olunmasıdır.
Belə ki, “düşmən” kanallara aid sosial şəbəkə hesabları da “düşmən” göstərilir və ardıcıllıq qorunur: Məsələn, siyahıda ilk yerdə gələn İsrail kanallarının sosial şəbəkə hesabları da “düşmən sosial şəbəkə hesabları” siyahısında ilk yerdədir.
19-21-ci yerdə qərarlaşan kanalların sosial şəbəkə hesabları siyahıda 216-cı sıradan başlayır və 230-da bitir.
Siyahını təqdim edirik:
216. gunztv247
217. gaip_saip
218. 50milyontc
219. gamoh1995
220. demokratlarorg
221. archumanrights (Ərk)
222. turkic.union
223. aznews.ant
224. turk.arak.54
225. araznews2023
226. azcp2023, oguz_tvaz
227. azoh_tr, azoh_qrupu
228. gadtv.comt
229. khorasanturkish
230. millibayraq.
Zəruri olaraq qeyd edək ki, “düşmən” televiziyalar 44, onlara aid “düşmən” sosial şəbəkələrin sayı 310, “düşmən” şəxsi səhifələr isə 61-dir.
Televiziyaların siyahısı yalnız fars əlifbası ilə və fars dilində təqdim edilib, onlara bu və ya digər dərəcədə bağlı olan sosial şəbəkələr isə həm də ingilis dilində və ingilis əlifbası ilə göstərilib.
“Düşmən” siyahısında göstərilən AzTV-nin sosial şəbəkə hesabı “düşmən sosial şəbəkə” hesablarında yoxdur (siyahıdakı 216-230-cu hesabları təqdim etdik).
AzStar TV-nin də sosial şəbəkəsi düşmən siyahısında göstərilməyib, ancaq məsələ burasındadır ki, bu kanal yalnız mahnı paylaşır, müsahibləri də sənət adamlarıdır.
Amma “düşmən” siyahısında olmayan AzNews TV-nin (ANT) sosial şəbəkə hesabları “düşmən” siyahısında var.
Həmçinin AzNews TV də Güney azərbaycanlılara məxsusdur.
Buna görə də suallar yaranır: Siyahıda güneylilərin 2 kanalı olduğu halda, niyə 3-cü Azərbaycanın dövlət kanalı olmalıdır? Niyə AzTV-nin özü “düşmən kanal” sayılır, ancaq AzNews TV-nin sosial şəbəkə hesabı “düşmən” siyahısına əlavə olunur?
1-ci ehtimal: “Düşmən kanal” siyahısındakı 19-cu yerdə göstərilən AzTV əslində Aznews TV-dir, “news” yanlış olaraq düşməyib və hər 3 kanal xaricdə yaşayan Güney azərbaycanlılara aiddir;
2-ci ehtimal: Siyahı hazırlanarkən, “news” sözü kim(lər)sə tərəfindən qəsdən ixtisar edilib və bu cür qarışıqlığın yaranmasına şərait yaradılıb. Səbəb isə odur ki, İran kəşfiyyatı bu siyahını İran hökuməti ilə razılaşdırmalıdır. Hökumət isə Azərbaycan Respublikasının dövlət kanalının bu siyahıda olmasına razılıq verməyə bilərdi. Ona görə də kəşfiyyatdakı bəzi qrup və ya şəxslər manipulyasiya ediblər.
Bununla İran daxilində Azərbaycana düşmən mövqe tutan şəxslər İran hökuməti ilə Azərbaycan Respublikası arasında münasibətləri gərginləşdirməyi hədəfləyirlər.
Növbəti sual isə budur: əgər yanlış varsa, İran hökuməti niyə aradan keçən 5 gün ərzində açıqlama yaymayıb? Bu açıqlamanın yayılmaması daxildə ikitirəlik olduğunu göstərməkdən çəkinmək üçündürmü?
/Axar.az