Anar Eminov: "Ali təhsil sərgiləri gənclərin gələcəyinə dair seçim mədəniyyətini formalaşdıran əhəmiyyətli platformalardır"


Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi “Ali təhsil müəssisələrinin sərgisi” ölkəmizdə ali təhsilin əlçatanlığının artırılması, abituriyentlərin universitet və ixtisas seçimi barədə obyektiv məlumatlandırılması, ali təhsil müəssisələri ilə gənclər arasında birbaşa ünsiyyətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Belə təşəbbüslər gənclərin gələcək karyeralarını düzgün planlaşdırmasına, universitetlərin təhsil, elm və innovasiya imkanlarını yaxından tanımasına, seçimlərini isə real faktlar əsasında formalaşdırmasına geniş imkan yaradır.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov mətbuata açıqlamasında bildirib ki, müasir dövrdə universitet seçimi yalnız müəyyən ixtisasa qəbul olmaq deyil, gənclərin gələcək həyat yolunu, peşəkar inkişafını və cəmiyyətə verəcəyi töhfəni müəyyənləşdirən mühüm strateji qərardır. Bu baxımdan ali təhsil müəssisələrinin sərgiləri abituriyentlərin gələcəklə bağlı şüurlu və əsaslandırılmış qərar qəbul etmələrinə xidmət edən mühüm platformalardır.

“Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi bu sərgi gənclərə universitetlərin tədris imkanlarını, elmi potensialını, beynəlxalq tərəfdaşlıqlarını, tələbə həyatını və inkişaf perspektivlərini birbaşa öyrənmək imkanı yaradır. Bu isə onların yalnız bugünkü seçimlərinə deyil, gələcək peşəkar fəaliyyətlərinə də müsbət təsir göstərən mühüm üstünlükdür. Dəqiq və obyektiv məlumat əsasında verilən qərarlar uğurlu akademik və peşəkar gələcəyin əsasını təşkil edir”, – deyə rektor vurğulayıb.

Anar Eminov qeyd edib ki, müasir universitetlərin dəyəri artıq yalnız təqdim etdikləri təhsil proqramları ilə deyil, formalaşdırdıqları akademik mühit, tədqiqat infrastrukturu, beynəlxalq elmi inteqrasiya imkanları, innovasiya potensialı, rəqəmsal transformasiya səviyyəsi və məzunlarının nailiyyətləri ilə müəyyən olunur. Məhz buna görə də gənclərin universitet seçərkən bütün bu meyarları kompleks şəkildə qiymətləndirməsi xüsusi əhəmiyyət daşıyır.

Rektor bildirib ki, Mingəçevir Dövlət Universitetində son illər həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində universitet keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Elmi fəaliyyətin gücləndirilməsi, qlobal akademik tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi, müasir tədqiqat mühitinin formalaşdırılması, innovasiya və sahibkarlıq ekosisteminin inkişafı, rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi və tələbəyönümlü yanaşmanın gücləndirilməsi MDU-nun inkişaf strategiyasının əsas istiqamətlərini təşkil edir.

“Bizim məqsədimiz yalnız yüksək ixtisaslı məzun hazırlamaq deyil. Məqsədimiz düşünən, araşdıran, innovativ ideyalar yaradan, qlobal rəqabət mühitində uğur qazana bilən və ölkəsinin inkişafına töhfə verən mütəxəssislər yetişdirməkdir. Bu gün universitetin nüfuzu yalnız auditoriyalarda deyil, elmi laboratoriyalarda, beynəlxalq tərəfdaşlıqlarda, tədqiqat layihələrində və məzunlarının uğurlarında formalaşır. Mingəçevir Dövlət Universitetində həyata keçirdiyimiz inkişaf strategiyasının mərkəzində də məhz bu baxış dayanır”, – deyə Anar Eminov bildirib.

Rektorun sözlərinə görə, ali təhsil müəssisələrinin sərgiləri universitetlərin şəffaflığını, hesabatlılığını və cəmiyyətə açıq fəaliyyətini nümayiş etdirən mühüm platformalardır. Belə tədbirlər ali təhsil müəssisələrinin təhsil imkanlarını, elmi nailiyyətlərini, beynəlxalq əlaqələrini və inkişaf prioritetlərini ictimaiyyətə təqdim etməklə yanaşı, sağlam rəqabət mühitinin formalaşmasına da mühüm töhfə verir.

Anar Eminov vurğulayıb ki, Mingəçevir Dövlət Universiteti bu gün müasir təhsil, güclü elmi potensial və beynəlxalq əməkdaşlıqları özündə birləşdirən inkişaf modeli ilə abituriyentlərə geniş imkanlar təqdim edir. Universitetdə tələbələrin fərdi inkişafı, elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, innovativ təşəbbüslərinin dəstəklənməsi və qlobal akademik mühitə inteqrasiyası ardıcıl şəkildə təşviq olunur.

“İnanırıq ki, bu gün şüurlu seçim edən abituriyent sabah daha uğurlu tələbə, peşəkar mütəxəssis və Azərbaycanın inkişafına daha böyük töhfə verən vətəndaş olacaq. Mingəçevir Dövlət Universiteti olaraq hər bir gəncə keyfiyyətli təhsil, müasir elmi-tədqiqat mühiti, beynəlxalq imkanlar və davamlı inkişaf üçün etibarlı akademik platforma təqdim etməyə hazırıq. Gəncləri öz gələcəklərini elm, innovasiya və davamlı inkişaf dəyərləri üzərində qurmağa dəvət edirik”, – deyə rektor Anar Eminov fikirlərini tamamlayıb.


MANŞET XƏBƏRLƏRİ