"Mossad” və Mərkəzi Kəşfiyyat İdarəsi Xameneini axtarır - “The Times”


Britaniyanın "The Times" qəzeti İsrail və ABŞ kəşfiyyat orqanlarının İranın ali dini rəhbəri Müctəba Xameneinin yerini müəyyən etmək məqsədilə genişmiqyaslı gizli əməliyyat həyata keçirdiyini iddia edib.

Turkustan.az xəbər verir ki, qəzetin yazdığına görə, ABŞ Prezidenti Donald Trampın İranla bağlı növbəti addımının necə olacağı hələ dəqiq olmasa da, İsrailin Mossad kəşfiyyat xidməti və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İran rəhbərliyini yaxından izləməyə davam edir.

Məlumata əsasən, Müctəba Xamenei təxminən 150 gündür telefon, kompüter və digər elektron rabitə vasitələrindən istifadə etmir. İddia olunur ki, o, ABŞ-ın casus peykləri tərəfindən izlənilməmək üçün dərin yeraltı bunkerdə gizlənir.

"The Times"ın məlumatına görə, İsrail və ABŞ kəşfiyyat xidmətləri Xameneinin yerini müəyyən etmək üçün mövcud bütün kiber izləmə imkanlarından istifadə edib. Hətta Tehrandakı yol nəzarət kameralarının belə haker hücumuna məruz qaldığı, bunun vasitəsilə Xameneinin mühafizəçiləri və yaxın çevrəsinin istifadə etdiyi nəqliyyat vasitələrinin izlənildiyi iddia olunur.

Qəzet yazır ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) və İsrailin 8200-cü Bölməsinin texnoloji dəstəyi ilə həyata keçirilən əməliyyat nəticəsində İranın yüksək səviyyəli hərbi və kəşfiyyat rəsmilərinin yerləşdiyi məkan müəyyən edilib.

Qeyd edək ki, bu məlumatlar "The Times" qəzetinin iddialarına əsaslanır və rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ