Makron: İkinci Dünya Müharibəsindən bəri ən pis vəziyyətlə qarşı-qarşıyayıq


Fransa Prezidenti Emmanuel Makron ölkənin cənub-qərbində baş verən genişmiqyaslı meşə yanğınlarını "İkinci Dünya Müharibəsindən bəri ən ağır vəziyyət" kimi qiymətləndirib.

Turkustan.az xəbər verir ki, Makron daxili işlər naziri Loran Nunezlə birlikdə Bordo şəhərində yerləşən Jironda Yanğından Mühafizə və Xilasetmə Əməliyyatları Mərkəzini (CODIS) ziyarət edib.

Prezidentə Jironda bölgəsində 42 min hektardan çox ərazini əhatə edən meşə yanğınları barədə son vəziyyətlə bağlı məlumat verilib.

Yanğınsöndürənlərə təşəkkür edən Makron bildirib:

"Mən buraya bütün ölkənin dəstəyini ifadə etmək və sizə təşəkkür etmək üçün gəlmişəm. Baş verənlərdən dərhal sonra mübarizəyə qoşuldunuz. Sizə çox borcluyuq."

Makron daha sonra vəziyyətin miqyasına diqqət çəkərək əlavə edib:

"Biz görünməmiş yanğınla üz-üzəyik. Bu, indiyədək qeydə alınmış ən ağır vəziyyətlərdən biridir. İkinci Dünya Müharibəsindən bəri ən pis vəziyyətlə qarşı-qarşıyayıq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ