Son günlərdə həm uşaqlar, həm də böyüklərdə öskürək hallarında artım müşahidə olunur.
Bu artım əsasən mövsümi viruslarla bağlıdır, yoxsa hava çirklənməsi və allergiya kimi digər amillər də rol oynayır? İnsanlar öskürəyi hansı hallarda ciddi qəbul edib həkimə müraciət etməlidir?
Bununla bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran terapevt Xumar Novruzova bildirib ki, kəskin respirator virus infeksiyaları zamanı öskürək ən çox rast gəlinən simptomlardan biridir və bəzən xəstəliyin digər əlamətləri keçsə də bir müddət davam edə bilir.
Onun sözlərinə görə, virus infeksiyaları zamanı öskürəyin davametmə müddəti xəstəliyin gedişindən asılı olaraq dəyişir. Adətən xəstəliyin ilk 3-5 günü başlanğıc mərhələ hesab olunur və bu dövrdə qızdırma, halsızlıq və boğaz ağrısı kimi əlamətlərlə yanaşı öskürək də müşahidə edilir:
"Sonrakı mərhələdə təxminən 7-10 gün ərzində öskürək daha aktiv dövrünü yaşayır. Bəzi insanlarda isə virusdan sonra “postviral öskürək” adlanan vəziyyət yarana bilər və bu halda öskürək 2-3 həftəyə qədər davam edə bilər. Bu, bronxların virusdan sonra bir müddət həssas qalması ilə əlaqələndirilir.
Öskürək 3 həftədən çox davam edərsə artıq uzunmüddətli sayılır və səbəbin müəyyənləşdirilməsi üçün həkim müayinəsi vacibdir".
![]()
Xumar Novruzova: 3 həftədən artıq davam edən öskürək araşdırılmalıdır
X.Novruzova bildirib ki, öskürək 2-3 həftədən artıq davam edərsə, yüksək qızdırma 3 gündən çox qalarsa, nəfəs darlığı və ya sinə ağrısı yaranar, bəlğəm sarı-yaşıl rəngdə və ya qan qarışıqlı olarsa, güclü halsızlıq və başgicəllənmə müşahidə edilərsə, mütləq həkimə müraciət edilməlidir. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslərdə bu əlamətlər daha ciddi qiymətləndirilməlidir:
"Virus infeksiyalarında öskürək çox vaxt əvvəl quru olur, daha sonra bəlğəmli hala keçir və bronxların selikli qişası bərpa olunduqca tədricən azalır.
Öskürək 10 günə qədər davam edirsə bu çox vaxt normal hesab olunur. 2-3 həftə davam edən öskürək postviral xarakter daşıya bilər, lakin 3 həftədən artıq davam edən hallarda səbəbin araşdırılması tövsiyə olunur".