Artıq Azərbaycanda yeni tədris ili başlayıb.
Turkustan.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadla xəbər verir ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində1 619 335 nəfər şagird təhsil alacaq. Hər il tədris dövrünün ən aktual məsələlərindən biri müəllim-şagird münasibətləri ilə bağlı olur. Belə ki, hər il tədris müəssisələrində müəllim-şagird gərginliklərini əks etdirən hadisələr yaşanır. Hətta bəzi neqativ hallar müəllimlərin ictimai qınağa məruz qalmasına da təkan verir.
Maraqlıdır ki, bu cür neqativ halların təkrarlanmaması üçün hansısa müvafiq işlər görülübmü?
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Ekspert açıqlamasında builki tədris ilinin əvvəlki tədris illərindən fərqli olaraq, daha yaxşı olacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, hər il tədris ilində neqativ hadisələrin yaşanmaması arzuolunan olsa da, xoşagəlməz halların davam etməsi təəssüf doğurur. Ekspertin fikrincə, bu neqativ halların başlıca səbəbi şagirdlərin məktəbə smart telefonlarla gəlməsidir və bunun qarşısı alınmalıdır:
“Məktəbdəki neqativ halın işıqlandırılması və yayılması məktəbin, o cümlədən müəllimin nüfuzuna xələl gətirir. Məktəblərə gətirilən smart telefonların saxlanc yerində saxlanması daha doğru yanaşmadır. Dünyanın aparıcı ölkələrinin heç birində telefonların tədris müəssisəsinə buraxılmasına icazə verilmir".
Məzahir Məmmədli, təhsil eksperti
M.Məmmədli vurğulayıb ki, təhsil sistemində birdəfəlik inqilab etmək olmur. Ona görə də son 7-8 il ərzində Azərbaycanda təhsil sektorunda islahatlar aparılıb və müəyyən mərhələli addımlar atılıb.
"Bu addımlara müəllimin imtahan vasitəsilə seçilməsi, müəllimlərin işə qəbulu ilə bağlı MİQ imtahanlarının keçirilməsidir. Azərbaycanda 10 mindən yuxarı saxta diplom gəzdirən müəllim var. Sözügedən addımlar vasitəsilə bu cür qanunsuz halların qarşısının alınmasına başlanılıb. MİQ imtahanları saxta diplom gəzdirən müəllimlərin uşaqların beynini zəhərləməsinə əngəl törədir. Artıq siniflərə həm dövrün tələblərinə uyğun, həm də şagirdlərlə davranış qaydalarına əməl edən müəllimlər girəcək", - deyə Məzahir Məmmədli əlavə edib.