Dövlət İmtahan Mərkəzi avqustun 22-də 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Müsabiqənin nəticələrinə əsasən, 57236 nəfər (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsilini davam etdirəcək.
Modern.az tələbə adını qazanan şəxslərin ala biləcəyi təqaüdləri araşdırıb.
Ödənişsiz əsaslardan universitetlərə qəbul olan məzunlar ilk ildə 110 manat aylıq təqaüd alacaq, lakin bu təqaüd sessiya imtahanından sonra tələbələrin akademik göstəricilərinə görə dəyişir. Belə ki, akademik göstəriciləri 91–100 bal olan tələbələr aylıq 200, 71–90 bal olan tələbələrə 160, 51–70 bal olan tələbələrə isə 110 manat təqaüd alacaq.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına uyğun olaraq bu tarixdən etibarən hər tədris ilinin əvvəlində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərən və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olan tələbələrə Prezident təqaüdü verilir. Azərbaycan ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 manat müəyyən edilib.
SABAH təqaüdü
Bundan başqa, SABAH qruplarında təhsil alan bütün tələbələr SABAH qruplarındakı ilk təhsil semestrində 50 manat məbləğində təqaüdlə təmin olunurlar. Növbəti semestrlər üzrə təqaüdün verilməsi “SABAH layihəsi (qrupları) tələbələrinə məqsədli SABAH təqaüdünün təyin edilməsi və ödənilməsi Qaydası”na əsasən müəyyənləşdirilməklə 50 manat (həvəsləndirici) və 70 manat (əlaçı) məbləğində təqaüdlə təmin olunurlar.
Kənd təsərrüfatı tələbə təqaüdü
Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə aqrar təhsilə marağın artırılması üçün univesitetə kənd təsərrüfatı ixtisasları üzrə yüksək balla qəbul olan tələbələrə əlavə təqaüd verilir. Bu təşşəbbüslə Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 150 manat, 600 və daha çox bal toplayanlara isə 250 manat əlavə təqaüd verilir.
Azercell-in“Tələbə Təqaüdü Proqramı”
Azercell də təhsil alan və akademik fərq nümayiş etdirən tələbələri təhsilə daha çox həvəsləndirmək üçün “Tələbə Təqaüdü Proqramı” müsabiqəsi keçirir. Şirkət “Tələbə Təqaüdü Proqramı”na seçilmiş 10 tələbəyə aylıq 300 manat məbləğində təqaüd təqdim edir. İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik, Biznes Analitikası, Data Elmi, Marketinq sahələri üzrə Azərbaycan Respublikasının müxtəlif ali təhsil müəssisələrində bakalavr təhsili alan sonuncu 2 kursun tələbələri bu proqrama müraciət edə bilərlər. Namizədlərin son 2 kurs qiymətləri A və ya B olmalıdır.
SOCAR təqaüdü
SOCAR təqaüdü Bakı Ali Neft Məktəbi istisna olmaqla Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrində siyahısı bu proqramda verilmiş ixtisaslar üzrə təhsil alan tələbələrinə SOCAR tərəfindən müəyyən olunmuş tələblərə müvafiq qaydada verilir. Təqaüd Müsabiqə keçirilən tədris ilinin sentyabr-iyun ayları (10 ay) üzrə verilir. Təqaüdün aylıq məbləği 100 manat təyin olunub. Təqaüd tələbələrin seçilməsi üzrə SOCAR-ın Müsahibə Komissiyasının keçirdiyi müsahibədən müvəffəqiyyətlə keçən tələbələrə verilir.
Universitetlərin daxili təqaüdləri
Bunlardan başqa bəzi universitetlərin daxili təqaüd proqramları da var. Buraya universitetə qəbul göstəricilərinə və tələbənin universitet həyatındakı fəaliyyətinə görə təqaüdləri misal göstərmək olar.