Məktəbli bazarında ajiotaj: bir uşaq neçəyə "başa gəlir?" - qiymətlər


Yeni tədris ili yaxınlaşdıqca mağazalarda izdiham yaşanır, valideynlər endirim olan ünvanlara axışır - əməkdaşımız paytaxt dükanlarında xərcləri araşdırıb

2025-ci ilin payız tədris mövsümünə yaxınlaşdıqca, məktəb ləvazimatları bazarında diqqətçəkən tendensiya müşahidə olunur. Bəzi müşahidəçilərə görə, qiymətlər keçən illə müqayisədə aşağı enib. Amma bunun əksini deyənlər də az deyil. Ekspertlər mövcud tendensiyanın dərslər yaxınlaşdıqca artıma doğru daha da dəyişə biləcəyini düşünürlər.

Yeni dərs ilinə bir aydan az vaxt qalır. Valideynlər artıq məktəb bazarlığına start veriblər. Hər il olduğu kimi, bu il də onları xərclər düşündürür. Xüsusilə məktəbli formalarının qiyməti, keyfiyyəti və mövcud endirim kampaniyaları əsas maraq mövzularındandır. Dəftər-qələm, məktəbli geyimi, çanta və digər ləvazimatların alınması bu günlərdə ailə büdcəsinə ən çox təsir edən xərclərdən biridir.

Yeni dərs ilinə hazırlıq zamanı valideynlərin ən çox diqqət yetirdiyi, şagirdlərin də həyəcanla gözlədiyi məqam məktəbli geyimlərinin alınmasıdır. Bu məhsullar həm qiymət, həm də çeşid baxımından geniş spektrə malikdir. Bundan əlavə, dəftər-qələm, digər ləvazimatlar xərc tələb edir.

Nazirlər Kabinetinin qərarına əsasən, məktəbli formalarında istifadə edilən materiallar standartlara uyğun olmalıdır. Köynəklər 100% pambıqdan, şalvar və ətəklər isə 60% yun, 40% poliester qarışığından hazırlanmalıdır. Təəssüf ki, bazarda bu tələblərə cavab verməyən, süni materiallardan hazırlanmış məhsullar satılır. Bakı Tikiş Evin (BTE) 100 min məktəbli geyimi satışa çıxardığını açıqlayıb.

Bəs maraqlıdır, bir uşağı məktəbə hazırlamaq bu il neçəyə başa gələcək?

“Yeni Müsavat”ın əməkdaşı olaraq paytaxtdakı bir neçə mağazanı gəzib həm qiymətlərlə tanış olduq, həm də alıcılarla söhbətləşdik.

Ötən illə müqayisədə həm məktəb ləvazimatlarında, həm də məktəbli formalarında nəzərəçarpacaq endirimlər var. Məsələn, dəftərlərin qiymətləri 15 qəpikdən başlayır və 3 manata qədər dəyişir. Qələmlər 25-30 qəpikdən, rəngli karandaşlar 1,5 manatdan, flomasterlər isə 1 manatdan başlayır. Daha keyfiyyətli modellər 5-10 manat arasında dəyişir.

Karandaşyonanlar 40-50 qəpikdən başlayaraq 4-5 manata qədərdir. Penalların qiyməti 1,5 manatdan 15 manata qədər, su qabları isə 2-10 manat arasında dəyişir. Ən çox müzakirə olunan məsələ isə məktəbli çantalarının qiymətidir. Çantaların dəyəri keyfiyyətindən asılı olaraq 10-15 manatdan başlayaraq, 150 manata qədər yüksəlir. Yəni yalnız bir uşağın ləvazimatlarını toplamaq üçün valideynlər orta hesabla 25-30 manat xərcləməli olacaqlar.

Avqust ayından etibarən məktəbli geyimlərində də xeyli ucuzlaşma var. Ötən il 13-15 manata satılan məktəbli köynəkləri bu il 8-9 manatdan başlayır. Şalvarları 12 manatdan, ətəkləri isə 15-16 manatdan başlayan qiymətə almaq mümkündür. Daha keyfiyyətli geyimlərin qiyməti isə 50-70 manat arasında dəyişir.

Məlum məsələdir ki, Çin istehsalı geyimlər mağaza vitrinlərində daha ucuz qiymətə təklif olunur. Türkiyədən gətirilən formalar isə bahalı olsa da, həm material, həm də tikiliş baxımından daha keyfiyyətli kimi təqdim edilir. Valideynlər seçim zamanı yalnız qiymətə deyil, geyimin övladlarına rahat olub-olmayacağına da diqqət yetirirlər. Bir çoxu büdcə ilə keyfiyyət arasında “orta yol” tapmağa çalışır.

Məsələ ilə bağlı Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov da açıqlama verib. Onun sözlərinə görə, bu il məktəbli geyimlərində kütləvi endirimlər tətbiq olunub. Onun sözlərinə görə, qısaqol köynəklər 33% ucuzlaşaraq 12 manatdan 8 manata düşüb. Uzunqol köynəklərdə 18% endirim olunaraq 12 manatdan 10 manata enib. Şalvar və ətəklərin qiyməti 25% endirimlə 20 manatdan 15 manata salınıb. Jaketlər isə 33% endirimlə 30 manatdan 20 manata qədər ucuzlaşıb.

Hesablamalara görə, bu il bir məktəblini tam şəkildə məktəbə hazırlamaq valideynlərə təxminən 150 manatdan başlayan qiymətə başa gələcək. Bu məbləğ ötən illərlə müqayisədə daha sərfəli görünür. Belə ki, ötən il bu rəqəm təxminən 200 manatdan başlayırdı. Lakin çanta və geyimlərin keyfiyyətinə görə qiymətlər dəyişdiyindən, yekun məbləğ bəzi ailələr üçün daha da arta bilər.

Bəs valideynlər məktəbli alış-verişində daha çox nəyə diqqət etməlidir? Narazılıqlar əsasən nədən olur?

Eyyub Hüseynovun qızı Kanadada vəfat etdi

Eyyub Hüseynov

Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Hər il yeni tədris mövsümü başlayanda istehlakçılardan məktəb ləvazimatları ilə bağlı çoxsaylı şikayətlər daxil olur.

Birinci məsələ məktəb çantalarının keyfiyyəti ilə bağlıdır. Qiymətləri fərqli olsa da, çox vaxt çantalar dözümsüz olur. Onların dizaynı cəlbedici və gözoxşayan olsa da, tez sıradan çıxır. Digər mühüm narazılıq isə bəzi çantalardan gələn pis qoxularla bağlıdır. Bu qoxular çantaların hazırlanmasında istifadə olunan sintetik materiallardan, rəngləyicilərdən və metal əlavələrdən qaynaqlana bilər ki, bu da uşaqların sağlamlığına mənfi təsir göstərə bilər.

İkinci narazılıq karandaşlarla bağlıdır. Çox vaxt karandaş yonulduqda tez qırılır. Bu, ya karandaşların, ya da qələm yonanların standartlara cavab vermədiyini göstərir.

Üçüncü məsələ dərs vəsaitlərinin keyfiyyəti ilə bağlıdır. Bəzi kitablar qanuni şəkildə deyil, kserokopiya yolu ilə çoxaldılır. Belə kitablar ya səhvlərlə dolu olur, ya da kağızın üzərindəki yazılar əlinə bulaşır. Bu, xüsusilə təhlükəlidir, çünki ucuz materiallarda ağır metallardan, o cümlədən qurğuşundan istifadə edilə bilər. Ağır metallar uşaqların dərisi ilə təmasda bədənə keçə, hətta ağız yolu ilə orqanizmə daxil ola bilər. Bu isə çox təhlükəli məsələdir".

Eyyub Hüseynov qeyd edib ki, daimi narazılıq doğuran digər mövzu məktəbli formalarıdır: “Təəssüf ki, bu məsələ illərdir dövlət qurumları və biznes strukturlarının birgə fəaliyyəti ilə həll edilmir. Əslində hökumət bu sahədə proteksionist siyasət aparmalıdır. Məktəbli formaları Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq, yerli istehsalçılar tərəfindən standartlara əsasən hazırlanmalıdır. Kabinet formaların eskizlərini və tərkibini təsdiq edib. Lakin praktikada yerli bir neçə şirkət formalar istehsal etsə də, xaricdən külli miqdarda keyfiyyətsiz, nə parça, nə də tikiş baxımından standartlara cavab verməyən mallar ölkəyə daxil olur. Təəssüf ki, gömrük orqanları bu məsələyə ciddi nəzarət etmir. Nəticədə yerli istehsalçılar bazarda mövqelərini qoruya bilmir, keyfiyyətsiz mallar isə geniş yayılır.

Məktəbli formalarının keyfiyyətsizliyi, parçaların Nazirlər Kabinetinin təsdiqlədiyi tərkibə uyğun olmaması, rənglərin tez solması, parçanın qısa müddətdə sıradan çıxması və bunun nəticəsində valideynlərin dəfələrlə əlavə xərcə düşməsi problemi daim aktualdır və mütləq həll olunmalıdır.

Bundan bir neçə il əvvəl Elm və Təhsil Nazirliyinin müavinləri və digər qurumlarla keçirilən görüşdə yerli istehsalçılardan biri maraqlı təklif irəli sürmüşdü. O qeyd etmişdi ki, məktəbli formaları regionların iqlim xüsusiyyətlərinə uyğun tikilməlidir. Məsələn, bəzi bölgələrdə hava soyuqdur, buna görə də orada qalın və isti materialdan formalar hazırlanmalıdır. Digər bölgələrdə isə hava isti olur və şagirdlər tez tərləyir, buna görə də yüngül və nəfəsalan materiallardan istifadə edilməlidir. Bu çox yaxşı təklif idi və nəzərə alınmalı idi.

Ümumiyyətlə, məktəbli formalarının istehsalı güclü bazası olan tikiş fabriklərinə həvalə edilməli, dövlət isə onların məhsullarının dəstəklənməsi və satışının təşviqi istiqamətində iş aparmalıdır. Çünki yalnız bu fabriklərin məhsulları standartlara cavab verir və keyfiyyət təminatı yaradır". /musavat.com/


MANŞET XƏBƏRLƏRİ