130 min abituriyent, 63 min yer: Hər iki nəfərdən biri tələbə olacaq?


Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin sözlərinə görə, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır. Ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var.

Nazirlər Kabineti mülki ali məktəblərə qəbul planını da təsdiqləyib – 60 489 nəfər. Keçən ilki plan yerlərindən 1300 yer, yaxud 2% çoxdur.

2023-cü ildə 53 mindən çox plan yeri ayrıldığı halda, 2024-cü ildə bu rəqəm 58 mini keçib.

Sadə hesablama ilə təxminən hər 2 abituriyentdən biri tələbə adını qazanacaq.

“Bu il 130 min abituriyentin 91 mindən çoxu 1,2,3 və 4-cü qrupların müsabiqəsində iştirak edəcək. Bu hələ birinci cəhd üçün olan məlumatdır. İkinci cəhddə də 2-3 min nəfər həmin qruplar üzrə yenidən imtahanda iştirak edəcək. Ümumən 94 min nəfər ən azı ali təhsil müəssisələri üçün olan imtahanlarda iştirak edəcək”.

Bunu “Yeni Sabah”a təhsil eksperti Elçin Əfəndi deyib.

O əlavə edib: “Təxminən 63 min plan yeri ayrılıb. Həmin yerlərin 60 489 mini püşk təyinatlı (ümumi ixtisaslar), yerdə qalanı xüsusi təyinatlı ali təhsil müəssisələrinə aiddir. Ümumilikdə bütün ayrılan plan yerlərinin müsabiqədə iştirakçı sayına baxsaq, kifayət qədər fərqin olduğunu görərik.

Qəbul aparılan ixtisas qruplarında ən çox yeri 1-ci qrup təşkil edir. Sonra isə müvafiq olaraq 2,4 və 3-cü qruplarda bu artım nəzərə çarpır. 5-ci qrupda da müəyyən qədər artım var”.

Ekspert qeyd edib ki, ötən illərlə müqayisədə abituriyentlər arasında olan gərgin rəqabət mühiti keçid ballarının enməsinə yox, əksinə, yüksəlməsinə gətirib çıxaracaq:

“2-ci qrupa nəzər salsaq, keçən il 22 min nəfər müraciət edərək, 11 mini imtahan müsabiqə şərtini ödəyərək buraxılmışdı. İndi isə say 25 minə yüksəlib və gözlənilən odur ki, 12 min nəfərdən çoxu müsabiqə şərtini ödəyəcək.

Bu qrupda minimum göstərici 150 baldır. 150 ballıq ixtisaslar demək olar ki, bütün ixtisas qruplarında var. Digər dövlət sifarişli ixtisasların müsabiqəsinə qatılmaq üçün abituriyentlərdən minimum 200 bal tələb olunur. Onun da 100 balını blok imtahanından əldə etməlidirlər ki, həm dövlət sifarişli ixtisaslara qatıla bilsinlər, həm də bütün ixtisaslara iddia edə bilsinlər”. /musavat.com/


MANŞET XƏBƏRLƏRİ