Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, Yunanıstanın Makedoniya və Frakiya inzibati ərazi vahidində xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyi qeydə alınması səbəbilə onların Azərbaycana idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumatda bildirilir ki, AQTA başqa ölkələrdən respublika ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Belə ki, xəstəlik baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Azərbaycan hansi ölkələrdən xırdabuyunuzlu heyvan alır? Cicək xəstəliyi qoyun əti bazarına necə təsir edəcək?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, çiçək xəstəliyinin ölkəmizdən kənarda qalması üçün lazımi tədbirlər görülməlidir:
“Yunanıstanla Azərbaycan arasında elə də uzaq məsəfə olmadığından, oradan heyvan idxalı həyata keçirilirdi. Lakin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, orada xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyi olduğundan ölkəmizə ordan heyvan idxalına məhdudiyyət tətbiq edildi. Ancaq ordan çox sayda heyvan idxal etmədiyimiz üçün ölkədaxili bazara ciddi təsir etməyəcək”.
Ekspert qeyd edib ki, ölkəmizə ən çox Gürcüstandan xırdabuynuzlu heyvanlar idxal edilir:
“Ölkəmizdə son bir neçə ildə xırdabuynuzlu heyvan idxalı kəskin şəkildə artır. Bu səbəbdən ölkəmiz qonşu dövlətlərdən xırdabuynuzlu heyvanların idxalını artırır. Heyvanlar əsasən Gürcüstan, Qazaxıstan və Rusiyadan gətirilir. Əgər qonşu dövlətlərdə də çiçək xəstəliyi olarsa, bu, ölkəmizin daxili bazarına mənfi təsir gəstərə bilər. Hələlik isə bazara ciddi təsir proqnozlaşdırılmır”.
Həsən Məmmədov
“Cebheinfo.az”