“Dollar ucuzlaşacaq” – MÜHÜM AÇIQLAMA


ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) açıq bazar üzrə Rəhbər Komitəsinin üzvləri inflyasiyanın kifayət qədər sürətlə azalmadığından narahat olduqlarını, lakin hələ 2024-cü ildə də baza faiz dərəcəsinin azalacağını gözlədiklərini bildiriblər.

İclas iştirakçıları bütövlükdə inflyasiyanın yüksək səviyyədə saxlanıldığını narahatlıqla qeyd ediblər.

Onların fikrincə, “geosiyasi təlatümlər və enerji qiymətlərinin artması” inflyasiyanın artmasına səbəb ola bilər.

Görünən odur ki, FED inflyasiya narahatlıqlarına rəğmən uçot dərəcələrini azaltmaqda qərarlıdır.

Bəs maraqlıdır, dollar ucuzlaşa bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, FED-in uzun müddət uçot dərəcələrini yüksək saxlaması mümkün deyil:

“Bu, inandırıcı da deyil. İnflyasiya göstəricilərinin aşağı düşməsi ilə paralel olaraq FED uçot dərəcəsini də aşağı salmağa başlayacaq. Doğrudur, mart ayında inflyasiya gözləntilərdən daha yüksək gəldi. Ola bilsin ki, iyun yox, növbəti toplantılarda uçot dərəcələrini aşağı salsın. Amma il ərzində mütləq bu addımı atacaq.

O əlavə edib ki, uçot dərəcəsinin aşağı düşməsi dollar indeksinə də təsir göstərəcək:

“Yəni dollar indeksinin də başqa valyutalara nisbətən aşağı düşməsi mümkündür. Amma məncə, dolların kəskin ucuzlaşmasına səbəb olmayacaq. Çünki aparıcı ölkələrin mərkəzi bankları da eyni addımı atmağı düşünürlər. Proses paralel getdiyindən dolların kəskin ucuzlaşmasını gözləmək mümkün deyil”.


MANŞET XƏBƏRLƏRİ