Maaş və pensiyalar yenidən artırılacaq – Açıqlandı


Hökumətin sosial siyasəti hər zaman həssaslıqla izlənilir. Bu, bütün ölkələrdə belədir. Vətəndaşlar bəlli yaşdan sonra həyatlarını rahat yaşamaq istəyirlər.

Ona görə də pensiya məbləğinin artırılmasını, təqaüd yaşının azaldılmasını zəruri hesab edirlər. Hökumət də çalışır ki, dövlət büdcəsi daha çox sosial yönümlü olsun. Amma vətəndaşın istəyi ilə hökumətin imkanları heç də həmişə üst-üstə düşmür.

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı, deputat Vüqar Bayramov deyib ki, Azərbaycanda sosial paketin dərinləşməsi həmişə prioritet olub.

Onun sözlərinə görə, 2024-cü ilin dövlət büdcə xərclərinin 45, cari xərclərin isə 70 faizi sosial istiqamətə yönəldilib:

“Bu da ondan xəbər verir ki, 2024-cü il üçün də sosial istiqamət prioritetliyini qoruyub saxlayıb. Növbəti illərdə belə bu, əsas istiqamətlərdən biri olaraq qalacaq. 2024-cü ilin yanvarından etibarən pensiyalarda, sosial yardım məbləğində artımlar müşahidə etdik. Büdcədən maliyyələşən bir sıra təşkilatlarda da artıq əməkhaqqı artımları həyata keçirilir. Təbii ki, digər istiqamətlər üzrə də artımlar prioritetliyini qoruyub saxlayıb. Yalnız son 5 ildə minimum əməkhaqqı 2.7 dəfə, orta aylıq əməkhaqqı isə 80 faiz artıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qiymətləndirməsi sosial paketin dərinləşməsinin növbəti dövrlərdə də davam etdiriləcəyini göstərir. Bununla bağlı Milli Məclisə təkliflərimizi təqdim etmişik”.

Deputat pensiya yaşı ilə bağlı təkliflərin olduğunu bildirib:

“Xüsusən diferensial olaraq xanımların pensiyaya çıxmasını təklif edirik. Düşünürük ki, bu istiqamətdə qiymətləndirilmənin aparılması çox vacibdir. Çoxuşaqlı ailə anlayışına baxılması, diferensial olaraq 6 uşaqdan 3-ə endirilməsi təklifini irəli sürürük. Müavinətlərin 3 və daha çox uşaqlı ailələrə verilməsi məqsədəuyğun hesab edilir. Digər istiqamətlərdə də mütəmadi olaraq təkliflərimiz təqdim olunur. Fikrimcə, həmin təkliflərin təqdim olunması bütövlükdə sosial paketin genişləndirilməsi, maliyyə yükünün hesablanması baxımından vacib hesab olunur. Bu istiqamətdə də bizim nazirliklə əməkdaşlığımız var və müzakirələr davam edir”.

Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan MDB ölkələri arasında ən çox minimum əməkhaqqına malik olan iki ölkədən biridir:

“Eyni zamanda orta aylıq əməkhaqqı və pensiya məbləğinə görə də Azərbaycan MDB-də öndə olan ölkələrdəndir. Bu istiqamətdə daha çox dəstəyin olduğunu müşahidə edirik. Prezident də qeyd etdi ki, bu gün minimum əməkhaqqının 345 manat olması yetərli hesab edilməsə də, tendensiyaya xüsusi diqqət etmək lazımdır. Tendensiya da ondan xəbər verir ki, minimum və orta aylıq əməkhaqqı və minimum pensiya istiqamətində artımlar var. Bu artımlar da növbəti illərdə imkan daxilində davam etdiriləcək”.


MANŞET XƏBƏRLƏRİ