Kuba inqilabının lideri və keçmiş prezident Fidel Kastronun nəvəsi Sandro Kastro ABŞ prezidenti Donald Tramp ilə mümkün razılaşmanın ölkə iqtisadiyyatında köklü dəyişikliklərə səbəb ola biləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, CNN-ə müsahibəsində o, Kubadakı iqtisadi böhranı tənqid edərək, mövcud sistemin dəyişdirilməsinin və iqtisadiyyatın daha açıq modelə keçməsinin vacibliyini vurğulayıb.
Sandro Kastro ölkədə həyat şəraitinin getdikcə çətinləşdiyini qeyd edib. Onun sözlərinə görə, elektrik və su çatışmazlığı, eləcə də əsas ərzaq və mallara çıxışdakı problemlər insanların gündəlik həyatına ciddi təsir göstərir.
O əlavə edib ki, bir çox kubalı mövcud vəziyyətdən narazıdır və ABŞ ilə mümkün razılaşma iqtisadiyyatda ciddi dönüş yarada bilər.
Kastro həmçinin iddia edib ki, əhalinin böyük hissəsi artıq fərqli iqtisadi modelə üstünlük verir: “Kubalıların əksəriyyəti kommunist deyil, kapitalist olmaq istəyir.”
Aytən Yaşar/ Turkustan.az