Xaricə satmağa kartof varsa: Qiymət niyə ucuzlaşmır?


Bu ilin yanvar-fevral aylarında Azərbaycan 189 min ABŞ dolları dəyərində 529 ton kartof ixrac edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 136 min ABŞ dolları (3,5 dəfə) , həcm baxımından isə 351 ton ( 3 dəfə) çoxdur. Hesabat dövründə kartof ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.

Rəsmi statistikaya görə, bu ilin ilk iki ayında kartof ixracı həm həcm, həm də dəyər baxımından kəskin artıb. Bu isə ölkədə istehsalın artdığını deməyə əsas verir. Belə olan halda, daxili bazarda təklif çoxaldığı üçün qiymətlərin enməsi gözləniləndir. Lakin müşahidələr bunun əksini göstərir.

Bəs, istehsal və ixrac artdığı halda bazarda kartofun qiyməti niyə ucuzlaşmır?

Mövzu ilə bağlı "Cebheinfo.az"- a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, istehsal olunan məhsulun bir hissəsi daxili bazardan çıxarılaraq xaricə yönəldilir:

"Kartof ixracının artması ilk baxışda ölkədə istehsalın çoxaldığını və buna görə də daxili bazarda qiymətlərin enməli olduğunu göstərir. Amma qiymətlərin ucuzlaşmamasının bir neçə izahı var.

Əvvəla, ixracın artması o deməkdir ki, istehsal olunan məhsulun bir hissəsi daxili bazardan çıxarılaraq xaricə yönəldilir. Bu isə daxili bazarda təklifin gözlənildiyi qədər artmamasına səbəb olur. Yəni istehsal artsa belə, məhsulun bir hissəsi ixrac edildiyi üçün bazarda qıtlıq hiss oluna bilər.

Digər tərəfdən, istehsal xərcləri son dövrdə artıb. Gübrə, yanacaq, suvarma, nəqliyyat və əmək xərclərinin yüksəlməsi fermerlərin məhsulu daha yüksək qiymətə satmasına səbəb olur. Bu da qiymətlərin aşağı düşməsinin qarşısını alır".

Onun sözlərinə görə, mövsümi amillər də rol oynayır:

"Yanvar-fevral ayları adətən kartof ehtiyatlarının azaldığı dövr hesab olunur. Saxlama xərcləri və itkilər də qiymətə təsir edir. Anbarlarda saxlanılan məhsulun həcmi azaldıqca bazarda qiymətlər yüksələ bilər.

Bundan başqa, bazarda vasitəçilərin rolu da qiymətlərin formalaşmasına təsir edir. Məhsul istehsalçıdan istehlakçıya çatana qədər bir neçə mərhələdən keçir və hər mərhələdə qiymət artırılır".

Ekspert qeyd edib ki, idxalın azalması da mühüm amildir:

"Statistikaya görə, idxal xeyli azalıb və bu, bazarda əlavə təklifin azalmasına gətirib çıxarır. Xaricdən gələn ucuz məhsulun həcmi azaldıqda yerli bazarda qiymətlər daha stabil və ya yüksək qalır.

Bütün bu amillər birlikdə göstərir ki, təkcə istehsal və ixracın artması qiymətlərin ucuzlaşması üçün kifayət deyil".


MANŞET XƏBƏRLƏRİ