Bu il Ramazan ayının Novruz bayramı ilə eyni vaxta təsadüf etməsi cəmiyyətdə müzakirələrə səbəb olub. Bəzi fikirlərə görə, Novruzu qeyd etmək, xüsusilə də Ramazan ayında bunu etmək günah sayılır.
İslam dinində bu məsələyə necə yanaşılır?
Globalinfo.az-a danışan dinşünas Tural İrfan deyib ki, məqsəd və mahiyyəti dinin əleyhinə olmayan hər bir bayramı qeyd etmək olar:
“Bayram sevinc deməkdir, islam da bunu qadağan etmir. Novruz bir çox müsəlman xalqlarının, hətta islamdan da əvvəl qeyd etdiyi əlamətdar bayramlardandır. İslamla uzlaşan bir çox xüsusları da var. Bəzən Novruz bayramı, yaxud çərşənbələri Ramazan ayına təvafüq edir. Təbii ki, hər ikisinə riayət etmək ənənəmizə və dinə uyğundur. Şübhəsiz ki, iftar açdıqdan sonra insanlar çərşənbələri qeyd edə bilərlər. Yəni söhbət yeməkdən, qidalanmaqdan gedir. Bahar bayramının əlamətlərini, rituallarını qeyd etməkdə heç bir ziddiyyət yoxdur. Əslində, bu günlərin oxşar əlamətləri var. Həm Ramazanda, həm də Novruz çərşənbələrində insanların sosiallaşması, təmizlənməsi, bir-birinə gediş-gəlişi, maddi-mənəvi dəstək olması əsas xüsusiyyətlərdəndir. Yaxşılıq etmək, insanları sevindirmək gözəl işlərdir. Amma qapı pusmaq, icazəsiz insanların həyətinə daxil olub papaq atmaq kimi əməllər dini dəyərlərə ziddir. Yaxşı olar ki, çərşənbələrdə daha gözəl əməllərə yol verilsin”.

Tural İrfan
Dinşünas bildirib ki, Ramazan ayında toy və bayram etmək də mümkündür:
“Amma bu proses oruca zərər vurmamalı, iftardan sonra olmalıdır. Novruz bayramı ilə Ramazanın üst-üstə düşməsi ilahi rəhmətdir. Dinə görə kainatda təsadüf yoxdur, hər şey ilahi nizama uyğun hərəkət edir. Deməli, bu da bir təsadüf deyil. Ona görə insanlar bu ərəfədə daha mərhəmətli, şən və səxavətli olmalıdırlar. Nə Quranda, nə hədislərdə, nə də digər rəvayətlərdə Novruzu Ramazanda qeyd etməmək barədə göstəriş var”.