Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci Adi Qurultayı ilə bağlı açılan cinayət işinin İstanbul Böyükşəhər Bələdiyyəsinə dair korrupsiya işi ilə birləşdirilməsi tələbindən sonra diqqət “mütləq etibarsızlıq”la bağlı apelyasiya prosesinə yönəlib.
Turkustan.az xəbər verir ki, Ali Məhkəmənin qərarı gözlənilərkən, CHP-nin keçmiş sədri Kemal Kılıçdaroğlunun izləyəcəyi yol xəritəsi də müəyyənləşib. Bildirilir ki, o, üç mərhələli strategiya planlaşdırır və yalnız məhkəmə “mütləq etibarsızlıq” qərarı verərsə və ya partiyanın icra orqanlarından rəsmi çağırış olarsa, mövqe qəbul edəcək.
Keçmiş sədrə yaxın mənbələr onun partiyanın qalmaqallardan uzaqlaşmasını, korrupsiya və rüşvət iddialarından təmizlənməsini istədiyini bildiriblər. Qeyd olunur ki, Kılıçdaroğlu daxili reaksiyalara baxmayaraq mövqeyində qətiyyətli qalacaq, tənqidlərə cavab verməyəcək və etirazların qısamüddətli olacağına inanır.
“Türkiye Gazetesi”nin iddiasına görə, planlaşdırılan addımlardan biri bələdiyyələrə yönəlmiş korrupsiya araşdırmaları ilə bağlı sərt mövqe nümayiş etdirməkdir. Məlumata əsasən, Kılıçdaroğlu rüşvət və korrupsiya ittihamları ilə üzləşən şəxslərə “məhkəmədə adınızı təmizləyin, sonra geri qayıdın” mesajı verə bilər.
Bu çərçivədə, aralarında Ekrem İmamoğlu, Rıza Akpolat, Resul Emrah Şahan və Mehmet Murat Çalıkın da olduğu, məhkəmə prosesi davam edən və ya başlanması gözlənilən bəzi bələdiyyə başçılarının müvəqqəti olaraq vəzifədən uzaqlaşdırıla biləcəyi irəli sürülür.
Aytən Yaşar/ Turkustan.az