Azərbaycanda qızlar niyə indi əsgər gedir?


Azərbaycan Hərbi Xidmət Haqqında Əsasnaməyə dəyişikliklər hazırlayır. Qanun layihəsinə əsasən, çağırışçıların həqiqi hərbi xidmətə başlaması əvvəllər olduğu kimi hərbi qeydiyyat və komissarlığa gəldikləri gündən deyil, icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə təyin olunduğu gün hesab olunacaq.

Sənəd həmçinin hərbi ixtisasa malik 19-40 yaş arası qadın Azərbaycan vətəndaşlarının könüllü olaraq hərbi xidmətə yazılmaq və müqavilə əsasında aktiv xidmətdə iştirak etmək imkanı da nəzərdə tutur. Bu halda, xidmətə başlama müqavilənin imzalandığı gün hesab olunacaq.

Bundan əlavə, ehtiyatdan tərxis olunmuş hərbi qulluqçuların qeydiyyat müddəti uzadılır. Artıq onlar hərbi xidmətə yazılmaq üçün köçürüldükdən sonra yeddi gün ərzində yaşayış yerlərindəki icra hakimiyyətinə müraciət etməlidirlər (əvvəllər bu müddət üç gün idi).

Yaşayış yerlərini üç aydan çox müddətə dəyişdirdikləri təqdirdə, çağırışçılar və hərbi qulluqçular əvvəlki yaşayış yerlərindən qeydiyyatdan çıxmalı və yeni yerdə qeydiyyatdan keçməlidirlər.

Qanun layihəsi həmçinin ehtiyatda olan vətəndaşların tibbi müayinədən keçirilməsi qaydasını da dəqiqləşdirir.

Xəstəlik səbəbindən ehtiyata keçirilən çağırışçılar 30 yaşına qədər yararlı hesab edildikdə, çağırış qeydiyyatına qaytarılacaq və standart qaydada həqiqi hərbi xidmətə çağırılacaqlar. Müayinədə iştirak edən tibb işçilərinin orta əmək haqqı iş yerlərində saxlanılacaq.

Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, çoxlu sayda vəzifələr var ki, həmin vəzifələri qadın hərbi qulluqçular uğurla icra edə bilərlər. Onun sözlərinə görə, bu, yalnız arxa cəbhə ilə məhdudlaşmır - təhsil ocaqlarında, laboratoriyalarda, rabitə qoşunlarında və digər qoşun növlərində qadın mütəxəssislərdən daha səmərəli istifadə etmək mümkündür: “Bir çox hallarda bu vəzifələrdə qadınlar kişiləri tam şəkildə əvəz edə bilərlər.

Artıq gələcəyi düşünərək müqaviləli, peşəkar ordu modelinin yaradılması istiqamətində addımlar atılmalıdır. Strateji vəzifələr bir il və ya bir yarım illik müddətə çağırılmış hərbi qulluqçulara deyil, peşəkar və daimi xidmət edən mütəxəssislərə həvalə olunmalıdır".

Məhərrəmov bildirir ki, qadınların hərbi xidmətə cəlb olunması ilə bağlı müəyyən qanun layihələri də təklif edilib: "Əvvəllər qadınlar orduya çağırıldıqda onlarla üç il müddətinə müqavilə bağlanır, sonradan bu müddət uzadılırdı. Hazırda isə təklif olunur ki, əvvəlcə altı aylıq sınaq müddəti tətbiq edilsin. Bu, müsbət addım hesab olunur, çünki praktikada bəzi qadınların hərbi xidmətə uyğunlaşmaqda çətinlik çəkdiyi, altı ay tamam olmadan xidməti tərk etdiyi hallar da müşahidə olunub. Təbii ki, bu, hamıya aid deyil, lakin belə sınaq müddəti gələcək problemlərin qarşısını almağa kömək edir. Altı aylıq sınaq mərhələsindən sonra isə üç il və daha uzunmüddətli müqavilələrin bağlanması nəzərdə tutulur. Bu yanaşma qadınların hərbi xidmətə cəlb olunmasını daha sistemli və effektiv edir. Xüsusilə arxa cəbhədə yerləşən və strateji əhəmiyyət daşıyan vəzifələrdə qadınların xidmət etməsi məqsədəuyğun hesab olunur.

Tank komandiri və digər döyüş vəzifələrinə əsasən müddətdən artıq xidmət edən peşəkar hərbi qulluqçular təyin olunur. Eyni zamanda qadınlar artıq bu gün Hərbi Hava Qüvvələrində, hava hücumundan müdafiə qoşunlarında, rabitə bölmələrində və digər sahələrdə mütəxəssis kimi uğurla fəaliyyət göstərirlər. Bu praktikanın daha da genişləndirilməsi planlaşdırılır".

Hərbi ekspertin sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, gələcəkdə qadın pilotların hazırlanması da mümkündür:" Bu, bəlkə də yaxın dövrün deyil, amma gələcəyin real perspektivlərindən biridir.

Əsas məqsəd qadınların arxa cəbhədə, eləcə də strateji əhəmiyyət kəsb edən hərbi sahələrdə daha geniş şəkildə xidmət etməsinə şərait yaratmaqdır. Bu xidmət könüllü və müqavilə əsasında həyata keçirilir. İlkin mərhələdə 3-6 aylıq sınaq müddəti tətbiq olunur, daha sonra isə müqavilə üç il və daha uzun müddətə uzadıla bilər".

Qeyd edək ki, Milli Məclisin iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə" və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsində qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılmasını nəzərdə tutan müddəanın əlavə edilməsi təklif olunur. Bu dəyişiklik qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.

Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirə olunub, plenar iclasa tövsiyə edilib. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ