Çörəyin qiyməti tənzimlənmir? - AÇIQLAMA


Bəzən eyni marka və eyni çəkidə olan məhsulun bir marketdə xeyli ucuz, digərində isə nəzərəçarpacaq dərəcədə baha satılması alıcıların diqqətini çəkir. Qiymət fərqləri istehlakçılar arasında çaşqınlıq yaradır. Bəs bu məsələ qanunvericiliklə necə tənzimlənir?

Turkustan.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Metbuat.az-a açıqlamasında ən çox çörəklərlə bağlı bu cür şikayətlərə rast gəlindiyini bildirib.

“Xüsusilə Azad İstehlakçılar Birliyinə Mərdəkan və Şüvəlan zonasından müraciətlər edilir və bildirilir ki, eyni çörək müxtəlif mağazalarda fərqli qiymətlərə satılır. Əhali bunu düzgün qəbul etmir və narazılıq ifadə edir. Lakin istehlakçılar bilməlidir ki, qiymətləri dövlət tərəfindən tənzimlənməyən mallar istənilən yerdə istənilən qiymətə satıla bilər. Bu, azad bazar iqtisadiyyatının əsas prinsiplərindən biridir və burada hər hansı qanun pozuntusu yoxdur”.

E.Hüseynov həmçinin bir sıra malların və xidmətlərin qiymətinin dövlət tərəfindən tənzimləndiyini də qeyd edib:

“Bunlara işıq, qaz, su, eləcə də 3000-dən artıq dərman preparatı və digər xidmətlər daxildir. Bu məhsul və xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir və həmin qiymətlərdən yuxarı satılması məsuliyyət yaradır. Qalan mallara gəldikdə isə, onların istənilən yerdə istənilən qiymətə satılması qanunvericiliyə uyğundur. Burada bazarda seçim sərbəstdir, yəni satıcı öz qiymət siyasətində sərbəstdir, istehlakçı isə haradan və hansı qiymətə almaq qərarını özü verir”.


MANŞET XƏBƏRLƏRİ