Sığortasız biznesin görünməyən təhlükəsi


Çinarə Ağayeva
Biznes məsləhətçi

Ötən həftə ölkə üzrə 191 yanğın hadisəsinin qeydə alınmasına dair statistika açıqlandı. Fövqəladə Hallar Nazirliyi tərəfindən açıqlanan bu rəqəm bir həftəlik operativ məlumatdır, lakin əslində daha dərin problemin simptomudur. Məsələ yanğınların sayında deyil. Məsələ həmin yanğınlarln baş verdiyi evlərin, obyektlərin əksəriyyətinin sığortasız olmasında, vətəndaşlara, biznesə və ümumilikdə sistemə vurduğu ziyandadır. Əgər risk sığortalanmayıbsa, o zaman hər hadisə fərdi yox, sistem problemidir. Yanğın hadisəsi olanda nə baş verir? Gəlin, bir kommersiya obyektinin nümunəsində sıralayaq: Əmlak məhv olur, sahibkarın likvidliyi pozulur, iş fəaliyyəti dayanır, işçilər gəlirsiz qalır, bank kreditləri gecikir, təchizat zənciri qırılır, vergi daxilolmaları azalır. Bu zəncirvari reaksiya iqtisadiyyatda “şokun ötürülməsi” adlanır. İnkişaf etmiş iqtisadiyyatlarda bu şoku amortizasiya edən əsas mexanizmlərdən biri sığorta sistemidir. Sığorta riskin fərdi daşıyıcısını dəyişir. Risk artıq tək bir sahibkarın deyil, sistem daxilində bölüşdürülmüş maliyyə mexanizminin üzərinə keçir. Sığortasız mühitdə isə risk konsentrasiya olunur və bu, dayanıqsızlıq yaradır. Qanunvericiliyə əsasən əmlaklar sığorta olunmalıdır. Amma araşdırmalar göstərir ki, hazırda mənzillərin və kommersiya obyektlərinin cüzi hissəsi sığortalanıb. Bu, nəzarət mexanizmlərinin kifayət qədər effektiv olmadığının, maarifləndirmə strategiyasının zəif olduğunun, sığortanın dəyər kimi qəbul edilmədiyinin göstəricisidir. Burada əsas məsələ davranış iqtisadiyyatıdır. İnsanlar aşağı ehtimallı, lakin yüksək zərərli riskləri sistematik şəkildə kiçik qiymətləndirirlər. “Mənim başıma gəlməz” yanaşması riyazi deyil, psixoloji qərardır. Amma 191 yanğın hadisəsi artıq “aşağı ehtimal” deyil. Böyük şirkətlər üçün yanğın hadisəsi sığorta, ehtiyat fondları və diversifikasiya vasitəsilə idarə olunur. Bir obyektin yanması çox vaxt sadəcə maddi zərər deyil, bu, biznes modelinin çökməsidir. Sığorta üzrə göstərici aşağı olduqda, fövqəladə hadisələrdən sonra zərər çəkənlər dövlət dəstəyinə ümid edirlər. Bu halda dövlət sosial və maliyyə “yükü” ilə üzləşir. Bu isə fiskal risk yaradır. Sığorta sisteminin inkişaf etmədiyi mühitdə risk bazardan dövlət büdcəsinə transfer olunur.
Amma sığorta yalnız riskdən qorunma mexanizmi deyil. O, maliyyə sektorunun dərinliyinin göstəricisidir. İnkişaf etmiş iqtisadiyyatlarda sığorta sektoru ÜDM-in əhəmiyyətli hissəsini təşkil edir və investisiya kapitalının əsas mənbələrindən biridir. Sığorta bazarı zəifdirsə, maliyyə arxitekturası da zəifdir. Bu baxımdan, 191 yanğın hadisəsi xəbər deyil, bu, xəbərdarlıqdır!


MANŞET XƏBƏRLƏRİ