Qiymət artımı ola bilər – Deputatdan ÇAĞIRIŞ


Bu il oktyabrın 1-dən bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq. Bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə ötən ilin sonunda edilmiş dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək. Bu dəyişikliyin bazarda qiymətlərə necə təsir göstərəcəyi aktuallıq doğurur.

Turkustan.az xəbər verir ki, məsələ ilə İqtisadiyyat.az -a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bu, Vergi Məcəlləsi ilə tənzimlənən bir prosesdir və vergi qanunvericiliyində öz əksini tapıb.

Onun sözlərinə görə, burada məqsəd həmin fəaliyyətlə məşğul olan vətəndaşların uçota alınması və uçotun təkmilləşdirilməsindən ibarətdir:

“Müəyyənləşdirilmiş taariflər yüksək deyil və yüksək olmadığı üçün də bu kontekstdə ümumi xərclərə təsir göstərməməlidir.

Amma bundan əvvəl bəzi hallarda qərar qəbul edilən zaman məhz biz qiymətlərdə müəyyən qədər süni şəkildə artımlar müşahidə edirik. O baxımdan, təbii ki, bu sistemin tətbiqi ilə bağlı olaraq birmənalı şəkildə bazarlarda monitorinqlərin gücləndirilməsinə ehtiyac var ki, süni qiymət artımı halları baş verməsin. Çünki uçotun təkmilləşdirilməsində məqsəd heç də qiymətlərin və xərcin artırılması deyil, uçot sisteminin təkmilləşməsidir və burada şəffafllığın təmin edilməsi məqsədi var. Ona görə də müəyyənləşdirilmiş tariflər yüksək deyil. Amma belə dəyişikliklərin süni qiymətlərin artımına gətirib çıxarması riskləri yüksəkdir. Bu istiqamətdə monitorinqlərin keçirilməsinə ehtiyac var ki, qiymət artımı baş verməsin”.


MANŞET XƏBƏRLƏRİ