Kiloqramı 3 manat 70 qəpiyə satılan ət: Onu kim yeyir?


Xaricdən Azərbaycana gətirilən ət bahalaşıb. Belə ki, ötən il ölkəmizə idxal olunan ətin bir kiloqramı 2 manat 97 qəpiyə satılırdısa, indi bu qiymət dəyişərək, 3 manat 70 qəpik olub.

Bu xəbər müzakirələrə səbəb olub. Müzakirənin əsas hissəsi isə ətin qiymətinin ucuz olması ilə bağlıdır. İnsanları maraqlandıran məqam budur ki, belə ətlər harada istifadə olunur, onu kimlər alır və qiymətinə görə keyfiyyəti necədir?

Məsələnin qaranlıq tərəfini “Yeni Sabah”a şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu cür ətləri müvafiq müəssisələr alır:

“Başqa ölkələrdə heyvan ətini 20 hissəyə bölüb satırlar. Hər hissənin də öz qiyməti olur. Azərbaycanda isə bu belə deyil, hissələr qarışıq satılır. Ona görə də, əhali bu cür hallara təəccüblənir. Xaricdən gətirilən ət kolbasa, sosiska istehsalı üçündür. Bunlar qabırğaarası ətlərdir. Bu hissələri əhali almır. Buna görə də həmin ət Azərbaycana çox ucuz qiymətə idxal edilir. Hindistandan və Braziliyadan gətirilir. Təmiz ətdir. Azərbaycanda normal şəraitdə kolbasa və sosiska istehsal edən müəssisələr bu məhsullardan istifadə edir”.

E.Hüseynov vurğulayıb ki, bu ətlərin təhlükəsizliyini dövlət qurumu təmin edir:

“Xaricdən ölkəmizə gətirilən ətin qiymətindəki artım bir sıra sahələrə də təsir edəcək. İlk növbədə, kolbasa-sosiska qiymətlərində artım müşahidə oluna bilər. Ancaq bütün məhsullar üçün bunu demək olmaz. Çünki elə firmalar var ki, xaricdən gətirilən ətdən yox, istifadəyə yararsız olan məhsullardan istifadə edir. Onu da qeyd edim ki, AQTA bu ətlərin təhlükəsizliyini təmin edir. Yəni, ucuz qiymətə gətirilən ət təhlükəsiz olaraq Azərbaycana gətirilir. 20-dən çox saxta ət məhsulları istehsal edən müəssisələr də var. Burada murdar olmuş heyvanların ətindən istifadə olunur. Lakin bununla belə, yerli, normal, standartlara uyğun formada kolbasa-sosiska istehsal edən müəssisələr də var. Bunların da sayı bir əlin barmaqlarını keçmir. Həmin müəssisələr təmiz ətdən istifadə edirlər”.


MANŞET XƏBƏRLƏRİ