Putin Rusiyanın ərzaq embarqosunu 2028-ci ilin sonunadək uzatdı


Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrindən kənd təsərrüfatı və ərzaq məhsullarının idxalına tətbiq edilən embarqonun müddətini 2028-ci ilin sonunadək uzadıb.

Müvafiq fərman Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub.

Sənədə əsasən, 2014-cü il avqustun 6-da qəbul edilmiş fərmanla nəzərdə tutulan xüsusi iqtisadi tədbirlərin müddəti 2027-ci il yanvarın 1-dən 2028-ci il dekabrın 31-dək uzadılıb.

Rusiya hökumətinə fərmanın icrası üçün zəruri tədbirləri həyata keçirmək, ehtiyac yarandığı halda isə məhdudiyyətlərin müddətinin dəyişdirilməsi ilə bağlı təkliflər təqdim etmək tapşırılıb.

Qeyd edək ki, Rusiya Qərbin sanksiyalarına cavab olaraq 2014-cü il avqustun 7-dən ABŞ, Avropa İttifaqı ölkələri, Avstraliya, Norveç və Kanadadan bir sıra kənd təsərrüfatı və ərzaq məhsullarının idxalına embarqo tətbiq edib. Sonradan məhdudiyyətlərin şamil olunduğu ölkələrin siyahısı genişləndirilib, buraya digər Avropa ölkələri və Ukrayna da daxil edilib.


MANŞET XƏBƏRLƏRİ