“Köç zamanı heç bir pis rəftar halı qeydə alınmayıb” – BMT-nin nümayəndəsi


BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistan nümayəndəsi Kavita Belani BMT-nin Cenevrə ofisinin onlayn olaraq iştirak etdiyi həftəlik mətbuat konfransında Azərbaycanın Qarabağ bölgəsindən insanların Ermənistana köçü və onların Ermənistandakı vəziyyəti ilə bağlı danışıb.

Turkustan.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, o, bir həftədən az müddətdə 88 min 700-dən çox insanın Qarabağı tərk edərək Ermənistana keçdiyini bildirib.

Belani qeyd edib ki, Ermənistan hökuməti BMT və digər qeyri-hökumət təşkilatlarının dəstəyi ilə sözügedən şəxslərə yardım məsuliyyətini öz üzərinə götürüb.
“AA” müxbirinin “Səyahət zamanı bu şəxslərə qarşı hər hansı pis rəftar qeydə alınıbmı?” sualına K. Belani belə cavab verib:

“Bilirəm ki, indiyədək heç bir insident qeydə alınmayıb. Heç bir pis rəftar halı qeydə alınmayıb. Bu, uzun yoldur, bu zaman tıxac insanlar üçün vəziyyəti çətinləşdiri. Amma heç bir pis rəftar halı qeydə alınmayıb”.

Kavita Belani


Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra regionun erməni sakinləri kütləvi şəkildə Ermənistana köç etməyə başlayıblar.

Ötən gün - sentyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın erməni əhalisinin hüquqlarının təmin olunacağını bildirib.
Qeyd edək ki, sentyabrın 28-də separatçı rejim “özünü buraxdığını” elan edib. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ