ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi münaqişənin sürətlə genişlənə biləcəyi barədə xəbərdarlıq edərək Yaxın Şərqdəki Amerika vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.
Turkustan.az xəbər verir ki, səfirliyin rəsmi saytında yayımlanan təhlükəsizlik xəbərdarlığında bölgədəki mürəkkəb vəziyyətə diqqət çəkilib. Vətəndaşlara mümkün uçuşların ləğvinə, hava məkanının bağlanmasına və səyahətlərdə yarana biləcək problemlərə hazır olmaları tövsiyə edilib.
Bəyanatda İran tərəfindən dəstəklənən husilərin Səudiyyə Ərəbistanındakı mülki hava limanlarına və digər mühüm infrastruktur obyektlərinə hücumlarının mülki şəxslər arasında itkilərə və nəqliyyat əlaqələrində ciddi fasilələrə səbəb olduğu bildirilib.
Münaqişənin mövcud ərazidən kənara sürətlə yayıla biləcəyi vurğulanan xəbərdarlıqda Yaxın Şərqə səfər edən və ya bölgədən ayrılmaq istəyən ABŞ vətəndaşlarına hava limanlarının və aviaşirkətlərin fəaliyyətini izləmək, eləcə də alternativ səyahət planları hazırlamaq tövsiyə olunub.
Aytən Yaşar/Turkustan.az