İrəvanla Bakı arasında yolu azan şəxslərin dəyişdirilməsi barədə razılaşma var, lakin Nəsimi Musayev cinayət törədib və bu, vəziyyəti dəyişir.
Məlumata görə, belə bir iddia ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan brifinqdə çıxış edib. XİN rəhbəri bildirib ki, Azərbaycan hərbçisinin yolu azıb-azmamasından asılı olmayaraq, cinayət hadisəsi baş verib.
A.Mirzoyan, həmçinin Azərbaycan hərbi qulluqçusunun sərhədi qəsdən keçməsi, yoxsa hərbi hissəni özbaşına tərk edərək qaçması barədə məlumatının olmadığını vurğulayıb.
Xatırladaq ki, baş nazir Nikol Paşinyan Azərbaycan hərbçisi N.Musayevin saxlanılarkən müqavimət göstərmədiyini demişdi. Eyni zamanda Azərbaycanın rəsmi qurumunun öncədən əsgərlə bağlı Ermənistanı məlumatlandırması onun diversiya və digər əməlləri barədə iddiaların üstündən xətt çəkib. Görünür rəsmi İrəvan əsgərin ətrafında hansısa çirkli ssenarisini reallaşdırmaq istəyir və vəziyyəti mürəkkəbləşdirir.
Ermənistan XİN rəhbəri azaraq Tovuzqala istiqamətinə keçən azərbaycanlı çobanla bağlı da suala cavab verib. “Çoban haqqında da mediada oxumuşam. Elə hallar olur ki, Ermənistan tərəfdən yolu azanlar hərbçilər, çobanlar olur, bəzən isə heyvanlar sərhədi keçir. Bizim belə bir razılaşmamız var və ümid edirik ki, gələcəkdə də ona əməl olunacaq”, – deyə Mirzoyan bildirib./Musavat.com