Ermənistan mediası sərhəddə yerləşən Kirants kəndində mobil telefonların ekranında Azərbaycanın Xeyrimli kəndinin adının göründüyünü iddia edir.
Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Kirants sakinləri kəndin mərkəzində, keçmiş məktəb binasının yaxınlığında və digər ərazilərdə dayandıqları zaman telefonlarının ekranında “Xeyrimli” adının göründüyünü bildiriblər.
Məqalədə qeyd olunur ki, sovet dövründə Kirantsdan bir neçə yüz metr məsafədə yerləşən, 25-30 evdən ibarət kiçik Xeyrimli kəndində azərbaycanlılar yaşayıb. Nəşr kəndin 1992-ci ildən sonra mövcud olmadığını (işğal səbəbindən – red.) və təxminən 30 il ərzində onun adının xatırlanmadığını iddia edir.
Qeyd edək ki, 2024-cü ildə sərhədlərin delimitasiyası prosesi çərçivəsində Kirantsın bir hissəsi Azərbaycana təhvil verilib./Globalinfo.az