Yeni Konstitusiyasız Azərbaycan sülh imzalamayacaq - İrəvan


Ermənistan parlamentinin sədri Ruben Rubinyan deyib ki, Azərbaycan Ermənistanın yeni Konstitusiyasını qəbul etməyənədək sülh sazişi imzalamayacaq.

Turkustan.az xəbər verir ki, Rubinyan noyabrın 17-də jurnalistlərlə söhbətində Ermənistan Konstitusiyasına dəyişiklik məsələsinin xarici gündəlikdən qaynaqlanmadığını, ölkənin daxili məsələsi olduğunu iddia edib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanın bu yanaşmasını qəbul etmir və sülh sazişinin imzalanmasına heç bir maneə olmadığını düşünür.

“Amma reallıqlar var. Ermənistanın xarici işlər naziri də bildirib ki, burada tələb deyil, şərt mövcuddur”, - deyə Rubinyan qeyd edib.

Parlament sədrinin izahına görə, tələb və şərt arasında fərq ondan ibarətdir ki, tələb hansısa addımın atılması üçün fəal çağırış deməkdir.

“Biz daxili gündəliyimiz çərçivəsində yeni Konstitusiya qəbul etmək istəyirik və sülh sazişini imzalamaq niyyətindəyik. Azərbaycan isə Ermənistanın yeni Konstitusiya qəbul etməsi şərti ilə sazişi imzalamağa hazır olduğunu bildirib”, - deyə o vurğulayıb.

Rubinyan hesab edir ki, yeni Konstitusiya qəbul ediləcəyi təqdirdə, sənəd mövcud reallıqlara uyğun olacaq. Onun sözlərinə görə, bundan əlavə, Ermənistan sülh sazişinin imzalanmasına və ratifikasiyasına nail ola biləcək.

Ruben Rubinyan Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi üçün də heç bir maneə görmədiyini söyləyib:

“Türkiyə və Azərbaycanla münasibətlərin tənzimlənməsi qaçılmazdır və bu proses davam edir. Azərbaycanla bağlı artıq söhbət sülh prosesindən deyil, münasibətlərin tənzimlənməsi prosesindən gedir. Bununla yanaşı, hələ də həllini gözləyən məsələlər var: delimitasiya, kommunikasiyaların tam şəkildə açılması, sülh sazişinin imzalanması”./modern.az


MANŞET XƏBƏRLƏRİ