Bakı şəhəri 109 nömrəli tam orta məktəbin 2A sinfinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib.
Turkustan.az xəbər verir ki, bunu Polad Həşimovun xanımı Ofeliya Salmanova bildirib.
"Bu münasibətlə məktəbin direktoru Gülnarə xanıma, sinif müəllimi Yasəmən müəlliməyə və sinfin bütün şagirdlərinə dərin təşəkkürümüzü bildiririk.
Bu övladlar çox xoşbəxtdirlər ki, qəhrəmanlıq hekayələri ilə zəngin bir vətəndə, qəhrəmanlarımızın yaşatdığı şərəf və qürur tarixinin içində böyüyürlər.
İnanırıq ki, hər dəfə Polad Həşimov adına sinfin qapısından içəri daxil olan şagirdlər yalnız bir sinif otağına deyil, eyni zamanda bir qəhrəmanın mənəvi dünyasına da daxil olacaqlar. Onun həyat yolundan, vətən sevgisindən, cəsarətindən və fədakarlığından güc alacaqlar.
Qoy Polad Həşimovun timsalında hər bir şəhidin adı, qəhrəmanlığı və vətən sevgisi xalqımızın qəlbində daim yaşasın", - Ofeliya Salmanova deyib. /Modern.az/
