Noyabrın 19-da ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin Çinin Şençjen şəhərində ilk dəfə üçtərəfli formatda bir araya gələcəklər. APEC sammiti çərçivəsində keçiriləcək görüş beynəlxalq münasibətlər sistemində mühüm hadisə olmaqla yanaşı, 1945-ci ilin Yalta konfransı ilə müqayisələrə də səbəb olub.
Əsas narahatlıq isə üç böyük nüvə dövlətinin liderlərinin qlobal problemləri digər ölkələrin iştirakı olmadan müzakirə edərək yeni dünya düzəninin konturlarını müəyyənləşdirməsidir.
Yaltanın kölgəsində Şençjen görüşü
Xatırladaq ki, 1945-ci il fevralın 4-11-də Krımın Yalta şəhərində ABŞ Prezidenti Franklin Ruzvelt, Böyük Britaniyanın Baş naziri Uinston Çörçill və SSRİ rəhbəri İosif Stalin bir araya gəlmişdilər.
İkinci Dünya müharibəsinin yekunlaşmasına az qalmış keçirilən konfransda müharibədən sonrakı dünya düzəni, Avropanın siyasi gələcəyi və nüfuz dairələri müzakirə olunmuşdu.
Həmin görüşün nəticələri Avropanın sonrakı onilliklərdəki siyasi mənzərəsinə ciddi təsir göstərdi. Xüsusilə Şərqi Avropa ölkələrinin taleyinin böyük dövlətlərin geosiyasi razılaşmalarından asılı vəziyyətə düşməsi Yaltanın tarixdə qoyduğu əsas izlərdən idi.
İndi isə oxşar ssenarinin XXI əsrdə təkrarlanması ehtimalı gündəmdədir. Fərq ondadır ki, bu dəfə masanın bir tərəfində ABŞ, digər tərəfində Rusiya və Çin olacaq. Dünyanın ən böyük hərbi və iqtisadi güc mərkəzlərinin rəhbərlərinin bir araya gəlməsi yeni nüfuz dairələrinin formalaşdırılması baxımından diqqət çəkir.
Hindistanın keçmiş BMT səfiri Syed Əkbəruddin “Hindustan Times” üçün hazırladığı təhlildə məhz bu təhlükəyə diqqət çəkib. Onun fikrincə, Şençjen görüşü qeyri-rəsmi “G3” – Böyük Üçlük formatının yaranmasına gətirib çıxara bilər.
Diplomatın narahatlığı ondan ibarətdir ki, üç dövlət müharibələr, sanksiyalar, nüvə təhlükəsizliyi və beynəlxalq münasibətlərlə bağlı qərarları digər ölkələrin iştirakı olmadan müzakirə edə bilər.
Bu isə beynəlxalq hüququn “bərabərhüquqlu dövlətlər” prinsipindən böyük güclərin üstün mövqeyinə əsaslanan sistemə keçid riskini yaradır.
Əkbəruddin Şençjen görüşünün Avropada 1945-ci ilin Yalta konfransını xatırladan narahatlıq doğurduğunu vurğulayır. Çünki Ukraynanın gələcəyi və Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı məsələlərin böyük dövlətlər arasında müzakirə olunması Kiyevin və Avropa paytaxtlarının maraqlarının arxa plana keçməsi ehtimalını gündəmə gətirir.
Hər üç liderin öz dünya planı var
Şençjen görüşünün əsas mürəkkəbliyi ondan ibarətdir ki, üç liderin ortaq maraqları olsa da, onların strateji hədəfləri ciddi şəkildə fərqlənir.
Rusiya Prezidenti Vladimir Putin üçün bu görüş ilk növbədə Moskvanın beynəlxalq təcriddən çıxması və qlobal güc statusunun təsdiqlənməsi baxımından əhəmiyyətlidir. Tramp və Si Cinpinlə eyni masa arxasında əyləşmək belə, Kreml üçün mühüm siyasi dividendlər vəd edir.
ABŞ Prezidenti Donald Tramp isə nüvə silahlarına nəzarət məsələsində Çin və Rusiyanı danışıqlar masasına gətirmək niyyətindədir. “Associated Press”in təhlilinə görə, Vaşinqton Pekinin nüvə təhlükəsizliyi üzrə danışıqlara qoşulmasını ABŞ-ın əsas prioritetlərindən biri hesab edir.
Lakin Çin bu məsələdə ehtiyatlı mövqe tutur. Çünki onun nüvə arsenalı ABŞ və Rusiyanın arsenalından xeyli kiçikdir. Pekin bərabər şərtlər olmadan nüvə silahlarının məhdudlaşdırılması üzrə öhdəlik götürməkdə maraqlı deyil.
Çin Sədri Si Cinpin üçün isə əsas məqsəd həm ABŞ-la rəqabəti idarə etmək, həm də Rusiya ilə strateji tərəfdaşlığı qorumaqdır. Eyni zamanda, Pekin özünü qlobal sabitliyin və çoxtərəfli əməkdaşlığın müdafiəçisi kimi təqdim etməyə çalışır.
“Financial Times” nəşrinin yazdığına görə, üçtərəfli görüşün hazırlanması zamanı tərəflər arasında gündəlik və müzakirə mövzuları ilə bağlı ciddi fikir ayrılıqları olub. Təşkili ilə bağlı bu qədər fikir ayrılığının olduğu görüşün gərgin keçəcəyinə heç bir şübhə yoxdur.
Dünya yenidən böyük dövlətlərin nüfuz dairələrinə bölünəcək?
Şençjen görüşü ilə bağlı ən mühüm sual üç liderin konkret hansı məsələlərdə razılığa gələcəyidir.
Reuters-in məlumatına görə, Pekin Ukrayna müharibəsinin üçtərəfli müzakirələrin əsas mövzularından birinə çevrilməsini istəmir. Moskva isə münaqişənin həlli ilə bağlı ABŞ-la təmaslarda öz mövqeyini gücləndirməyə çalışır.
Bu ziddiyyətlər fonunda Yalta analogiyası daha da aktuallaşır. 1945-ci ildə qalib dövlətlər müharibədən sonrakı dünyanın siyasi xəritəsini müzakirə edirdilər. İndi isə üç böyük güc mövcud beynəlxalq böhranların həlli, nüvə təhlükəsizliyi və iqtisadi münasibətlərin gələcəyi ilə bağlı ortaq məxrəcə gəlməyə çalışır.
Lakin burada mühüm fərq var: 1945-ci ildə müharibənin qalibləri yeni sistem qururdular, bu gün isə bir-biri ilə rəqabət aparan üç güc mövcud sistemi öz maraqlarına uyğun dəyişdirməyə çalışır.
Brookings İnstitutunun ekspertləri də görüşün davamlı siyasi mexanizmə çevrilib-çevrilməyəcəyinin hələ aydın olmadığını vurğulayırlar. Dekabrda G20 sammiti çərçivəsində növbəti təmas ehtimalı müzakirə edilsə də, üçtərəfli formatın gələcək perspektivləri qeyri-müəyyən olaraq qalır.
Doğrudur, Şençjen görüşünü indidən “yeni Yalta” adlandırmaq tezdir. Ancaq bu müqayisənin meydana çıxması təsadüfi deyil. Çünki dünyanın üç əsas güc mərkəzinin liderləri ilk dəfə bir araya gələrək qlobal problemləri müzakirə edəcəklər.
Əsas təhlükə isə üç dövlətin razılaşmasından daha çox, həmin razılaşmaların digər ölkələrin taleyinə necə təsir göstərəcəyidir. Əgər böyük güclər beynəlxalq münasibətləri yenidən nüfuz dairələri və qarşılıqlı güzəştlər əsasında formalaşdırmağa başlasalar, Şençjen görüşü həqiqətən də XXI əsrin Yaltası kimi tarixə düşə bilər./Bizim.Media