“Dəyərlərə rəqəmsal baxış” – milli irs nümunələrinə virtual səyahətin təşkili layihəsinin ilk fəaliyyətləri başlayıb


“Milli Dəyərlər üzrə Maarifləndirmə” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentiyinin dəstəyi ilə “Dəyərlərə rəqəmsal baxış” – milli irs nümunələrinə virtual səyahətin təşkili adlı layihəsinin ilk fəaliyyətlərini Gəncə şəhərində başladı. Layihə üzrə Gəncə şəhərində çəkilişlər üçün təqdim olunan 11 məkandan 6-sı seçilmiş və bu maddi-mədəniyyət abidələrində çəkilişlər aparılaraq video təqdimatlar hazırlanıb.

Nizami Gəncəvi Məqbərəsi, Nizami Gəncəvi Muzeyi, Gəncə Memorial Kompleksi, Şah Abbas Karvansarayı, Gəncə Qala Qapıları - Arxaologiya və Eynoqrafiya Muzayi Abidə Kompleksi, Gəncə İmamazadə Türbəsi abidə və muzeylərində aparılan çəkilişlərdə bu maddi-mədəniyyət nümunələri haqqında tarixi məlumatlar təqdim olunmuş, mütəxəssislərdən müsahibələr alınmışdır. Aparılan çəkilişlər əsasında video çarxın hazırlanaraq sosial şəbəkələrdə geniş təbliğ olunması planlaşdırılır.

Layihənin məqsədi gənc nəslin milli mənəvi dəyərlərlə tanışlığını müasir, mənbə əsaslı, əlçatan texnoformatlarda təqdim etmək, onların milli kimliyə, tarix və mədəni irsimizə maraq və diqqətini artırmaq, maddi-mədəni abidələrimiz, muzeylərimizə virtual səyahət təşkil edərək dəyərlərimizə sahiblənmək, mədəniyyətimizi təbliğ etməkdir.

Layihə 01 may 2026-cı il tarixindən başlayaraq 31 iyul 2026-cı il tarixədək 3 ay ərzində icra olunacaqdır. Layihə çərçivəsində 5 rayonda – Gəncə, Şamaxı, İsmayıllı, Qəbələ və Şəkidə milli irs nümunələrimizin xülasəsi əks olunan video təqdimatların hazırlanması, bu rayonlarda yerləşən maddi mədəniyyət abidələri, görməli yerlər və muzeylərdən birbaşa çəkilişlər təşkil etməklə virtual ekskursiyanı təmin etmək və görülən işlərin media, sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə yanaşı, layihənin icrasında tərəfdaşlarımız Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Mərkəzi və yerli İcra Hakimiyyətləri, Regional Mədəniyyət İdarələri ilə əməkdaşlıq nəzərdə tutulub.
Layihə üzrə növbəti çəkilişlər Şamaxı rayonunda olacaqdır.


MANŞET XƏBƏRLƏRİ