İsrail düyməyə basdı: İrana hücumlar başlayır? – Yaxın günlərdə…


“ABŞ Prezidenti Donald Tramp İrana hücumları bərpa etmək qərarına gələrsə, bu, İsrail ordusu ilə koordinasiyalı şəkildə həyata keçiriləcək”.

Turkustan.az xəbər verir ki, bunu adı açıqlanmayan bir İsrail rəsmisi “Axios” platformasına deyib.

O, Trampın bu qərarı həftə sonu verə biləcəyini və İsrail hökuməti və ordusunun yüksək hazırlıq vəziyyətində olacağını bildirib.

“Ötən həftə İsrailin yüksək vəzifəli hərbi rəsmiləri ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ilə görüşüb. Onlar İrana qarşı hücumların yenidən başlamasını istəyiblər. Danışıqlar zamanı İrana, xüsusən də onun yanacaq-enerji obyektlərinə hücum ehtimalı da müzakirə olunub. Məqsəd isə Tehranı nüvə proqramını dayandırmağa razı salmaqdır”, – deyə İsrailin “KAN” kanalı qeyd edib.

Məlumata görə, Trampın Çinə səfərindən sonra İranla bağlı qərar verəcəyi gözlənilir və onun iki variantının olduğu irəli sürülüb: başqa bir hücuma keçmək və ya Hörmüz boğazında qalmış ticarət gəmilərini çıxarmaq üçün “Azadlıq Əməliyyatı”nı yenidən başlatmaq.

“Haaretz” qəzetinə danışan İsrail rəsmiləri yaxın günlərdə yenidən hücumların baş vermə ehtimalının olduğunu iddia ediblər.

İranın xarici işlər naziri Abbas Əraqçi isə sözügedən təhdidlərlə bağlı bunları deyib:

“Buna öyrəşmişik. Onlar uzun müddətdir ki, təhdidlərini müxtəlif formalarda və metodlarla təkrarlayırlar, amma müharibədən heç nə əldə edə bilməyəcəklərini bilirlər. Ona görə də hərbi sahədən kənarda həll yolları axtarmalıdırlar. Bizimlə 40 gün döyüşdülər və nəticəni gördülər. İrana hörmətlə yanaşanlar da eyni dildə cavab alacaqlar”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ