Abbas Əraqçi ABŞ-ın hücum təhdidləri ilə bağlı bildirib ki, İran bu cür bəyanatlara artıq öyrəşib və Vaşinqtonun hərbi təzyiqlə nəticə əldə edə bilməyəcəyini düşündüyünü vurğulayıb.
Turkustan.az xəbər verir ki, Əraqçi bu açıqlamanı BRICS Xarici İşlər Nazirləri Görüşündən sonra Hindistanın paytaxtı Yeni Dehlidə İran mediasına verib.
Donald Trampın müharibəni yenidən başlatmaqla bağlı təhdidləri barədə suala cavab verən Əraqçi deyib:
“Biz bu təhdidlərə öyrəşmişik. Onlar uzun müddətdir müxtəlif formalarda və üsullarla təhdidlərini təkrarlayırlar. Amma eyni zamanda bilməlidirlər ki, bu təhdidlərdən və ya başladacaqları müharibədən heç nə əldə edə bilməyəcəklər.”
İranlı nazir problemin hərbi yolla həll edilə bilməyəcəyini vurğulayaraq əlavə edib:
“Onlar bizimlə 40 gün döyüşdülər və nəticəsini gördülər. İrana hörmətlə yanaşanlar da eyni dildə cavab alacaqlar. Ümid edirəm ki, bu ritorikadan uzaqlaşıb məntiqə üstünlük verəcəklər. Hərbi sahədən kənarda həll yolları axtarmalı olduqlarını anlamalıdırlar, çünki bu yolla heç nəyə nail ola bilməyəcəklər.”