Son günlər Xəzər dənizində ardıcıl beşinci zəlzələ qeydə alınıb. Bu təkanlar xüsusən Bakı sakinləri arasında narahatlığa səbəb olub. Bəziləri bu zəlzələləri İrandakı müharibə ilə əlaqələndirirlər.
Bəs reallıq necədir? Bu ardıcıl zəlzələlərin başvermə səbəbləri nələrdir? Bakıya hər hansı təhlükə yaxınlaşırmı?
Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, Xəzər dənizində və ətraf bölgələrdə hər gün kiçik titrəmələr baş verir:
“Ümumiyyətlə, Kiçik və Böyük Qafqazın ətəklərində hər gün yeraltı titrəmələr, qalxmalar müşahidə olunur. Ona görə də bu zəlzələlərdən qorxmağa dəyməz. Ümid edirəm, dağıdıcı zəlzələ olmayacaq. İranın vurulması ilə Xəzərdə baş verən zəlzələlərin heç bir əlaqəsi yoxdur”.
Q.İbrahimli vurğulayıb ki, zəlzələlər yerin dərin qatlarında gedən geoloji proseslər nəticəsində baş verir:
“Üzdə baş verən hadisələrin bu proseslərlə əlaqəsi yoxdur. Bugünkü zəlzələlərin Bakıya ciddi təhlükə yaratması gözlənilmir. Amma Bakı zəlzələyə hazırdırmı? Təəssüf ki, bunu deyə bilmərəm. İnsanlar basabasda qalmamaq üçün tədbir görməlidirlər. Nəqliyyat infrastrukturu kifayət qədər uyğun deyil və hələ sığınacaqlarımız yoxdur. Amma indiki zəlzələlər Bakı üçün ciddi bir risk yaratmır”.