Şahin və Mutvalı Şıxlinskilərə doqquz il həbs cəzası istənilib
Yekaterinburqun Kirovski Rayon Məhkəməsində dövlət məmuruna qarşı zorakılıq tətbiq etməkdə ittiham olunan Azərbaycan Diasporunun keçmiş sədri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski barəsindəki cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Turkustan.az xəbər verir ki, məhkəmə prosesi zamanı prokuror Şahin Şıxlinskinin maksimum təhlükəsizlikli cəzaçəkmə müəssisəsində doqquz il, oğlu Mutvalı Şıxlinskinin isə ümumi təhlükəsizlikli cəzaçəkmə müəssisəsində doqquz il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, başqa bir iş üzrə Ş.Şıxlinski 5 martda qəsdən adam öldürmə və sifarişli adam öldürməyə cəhd ittihamı ilə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Şıxlinskilər barəsində Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (dövlət məmuruna qarşı zorakılıq tətbiq etmə), eləcə də sifarişli adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
2025-ci ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı zorakılıq tətbiq edilib və nəticədə iki Azərbaycan vətəndaşı - Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən ölüb. Digər Səfərov qardaşlar və bir neçə digər Azərbaycan vətəndaşı məhkəmə qərarı ilə həbs edilib. Onlar 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayətlərdə ittiham olunurlar.
Daha sonra Azərbaycan diasporunun lideri Ş.Şıxlinski və oğlu M.Şıxlinski Yekaterinburqda həbs ediliblər. M.Şıxlinski dövlət məmuruna qarşı zorakılıq tətbiq etməkdə ittiham olunur. Eyni zamandA, Ş.Şıxlinski sifarişli adam öldürməyə cəhd və dövlət məmuruna qarşı zorakılıqda ittiham olunur.
Bu cinayət işi ilə əlaqədar M.Şıxlinski 16 iyulda həbs edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Ş.Şıxlinski üçün axtarış elan edilib. 2 avqustda Şıxlinski Moskvada saxlanılıb və Yekaterinburqa aparılıb. /ayna.az/